Tələbə kreditlərinin ŞƏRTLƏRİ AÇIQLANDI – MÜDDƏT, MƏBLƏĞ...

16:14 30.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Bu barədə təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib. O, əlavə edib ki oktyabr ayı ərzində bu sistem işə düşəcək. Elektron sistem olacaq. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub:

“Bizim 40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Kimsə tələbə krediti almalıdır deyə bir şey yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".

Bəs görəsən təhsil kreditləri hansı şərtlərlə verilir? Tələbədən tələb olunanlar nələrdir? Ödəniş nə cür və hansı müddətdə edilir?

Bu və digər suallara hafta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov aydınlıq gətirdi.

Ekspertin sözlərinə görə, tələbə krediti bütün tələbələrə eyni şərtlərlə veriləcək.

Əsas şərt isə odur ki, tələbənin orta müvəffəqiyyət göstəricisi yüksək olmalıdır:

“Sosial və standart kreditin fərqi budur ki, sosialda ya faiz heç olmayacaq, ya da aşağı olacaq. Digərində isə 2, 3, 4 faizlərlə kreditlər veriləcək. Sosial kreditlər daha çox, valideyn himayəsindən məhrum olanlara, sosial həssam qrupa aid tələbələrə şamil edilir. Digərləri isə heç bir kateqoriyaya aid olmayan, əyani təhsil alan, valideynlərini işləsə belə gəlirləri aşağı olan tələbələrə veriləcək. Kateqoriyaların bir-birindən fərqi yalnız faizlə bağlıdır. Ümumi şamil edilmə isə eynidir. Bu bütün dünyada belədir”.

Kamran Əsədov sosial və standart kreditlərin geri  ödənilməsi prosesinin bir qədər fərqli olduğunu vurğuladı: Belə ki, standart tələbə kreditində geri ödəniş üçün  tələbəyə 10 il vaxt veriləcək. Bu müddət sosial həssas qrup tələbələrdə tamam başqa ola bilər.

Həmçinin ekspert tələbələrin kredit ala bilməsi üçün zaminə və iş yerinə ehtiyac olmadığını da dilə gətirib, bu barədə geniş məlumat verdi:

“Tələbə krediti şəxslərə verilir, burada valideyn statusu nəzərə alınmır. Heç bir zamin və iş yeri tələb edilməyəcək. Tələbə krediti maksimum 3 min manat təhsil haqqı olan tələbələrə veriləcək. Yüksək təhsil haqqı olanlara verilməyəcək. Geri ödəmə miqdarı da alınmış məbləğdən asılıdır. Tələbə ola bilər ki, kredit hüququndan 2 il istifadə edəcək, 2 il etməyəcək. Yaxud da 1 il istifadə edəcək, 3 il etməyəcək. Məbləğ də ödəmə qabiliyyətinə görə ödəmə intervalına bölünəcək. Əsas şərt odur ki, tələbə təhsili başa vurduqdan sonra 10 il müddətində krediti ödəyib bitirsin. 1 tələbənin 4 il ərzində maksimum götürə biləcəyi məbləğ 12000 manatdır. Biz, 12000 manatı 10 ilə bölsək ilə 1200 manat civarında məbləğ düşür. Aylara böldükdə isə, 120-150 manat arasında dəyişən rəqəmlər ortaya çıxır. Bu halda tələbənin krediti 10 il ərzində geri ödəməsi 120-150 manat arası miqdara başa gəlir. Bu da kifayət qədər əlçatan və ədalətlidir”.

Təhsil ekspertinin sözlərinə görə, hazırda Azərbaycanın 52 ali təhsil müəssisəsində 186000 tələbə var. Onların 96000-i ödənişli əsaslarla təhsil alır. Bundan başqa, tələbə krediti verilən ölkələr arasında ən güzəştli şərtlər qardaş Türkiyədə mövcuddur:

“Dünya təcrübəsinə nəzər salsaq görərik ki, tələbə kreditlərində güzəştlər Türkiyədə daha çoxdur. Avropa və ABŞ-da, Rusiyada, Qazaxıstanda da tələbə kreditləri verilir. Məsələn ABŞ-da Federal Agentlik var. Burada kreditlərin 3 növü var. Federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər üçünü də az əvvəl qeyd etdiyim agentlik verir. ABŞ-ın bəzi ştatlarında təhsildə yüksək nəticə göstərən tələbələrə kreditlər bağışlanır. Almaniya və Fransada da belədir ki, tələbənin hər hansı kəşfi yaxud böyük nailiyyəti olduqda ona güzəşt edilir. Yaxud da kiminsə təhsil aldığı müddətdə səhhətində ciddi narahatlıq yarandıqda ona da güzəştlər olunur”.