Yunan Kiprinin lideri Nikos Xristodulidesin Qazaxıstana səfər edəcəyi barədə məlumat açıqlanıb.
Hafta.az yazır ki, türk düşməni Xristodulidesin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən "Dostluq Dövlət Ordeni" ilə təltif ediləcəyi barədə açıqlama diqqəti cəlb edib.
Məlumata əsasən, Xristodulidesə çoxsaylı iş adamlarının müşayiət edəcəyi bildirilib.
Bu səfər Yunan Kipri liderinin Qazaxıstana ilk rəsmi səfərdir.
Xristodulidesin Yunan Kipri - Qazaxıstan Biznes Forumuna qatılaraq çıxış edəcəyi və Astanada ölkəsinin səfirliyinin açılışını edəcəyi bildirilib. Bundan sonra Tokayev Xristodulidesə "Dostluq Dövlət Ordeni"ni təqdim edəcək.
Səfər çərçivəsində ali təhsil və tədqiqat, mədəniyyət, idman, informasiya və kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik və elektron dövlət xidmətləri sahələrində anlaşma memorandumlarının imzalanması gözlənilir.
Qeyd etmək lazımdır ki, səfər 15 may tarixində Qazaxıstanın Türküstan şəhərində Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Ərhürmanın iştirakı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Görüşündən sonra baş tutur.
TDT-nin daimi üzvü olan Qazaxıstan 2025-ci ilin əvvəlində Kipr Respublikasına ilk səfirini təyin edib. Qazaxıstanın qərarından sonra Avropa İttifaqından maliyyə dəstəyi alan Özbəkistan və Türkmənistan da səfirliklər açmaq niyyətlərini açıqlayıblar.
Kipr Respublikası 1 yanvar tarixindən etibarən Avropa İttifaqına (AB) rotasiyalı sədrlik edir və 14 ildə ikinci dəfə təkrarlanan bu səlahiyyət müddəti 30 iyunda başa çatacaq.