Bununla bağlı Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisi tərəfindən bölgələrdə xüsusi layihə icra edilib
Bakıda “Cənubi Qafqaz üçün Ekodəhliz Fondu" canlı landşaftlar üçün əməkdaşlıq mövzusunda görüş keçirilib. AZƏRTAC xəbər verir ki, görüşün məqsədi bu sahədə həyata keçirilən tədbirlər, ətraf mühitin mühafizəsi üzrə mühafizə ərazilərinin yaradılması və Ekodəhliz Proqramının gələcək planlarını müzakirə etməkdir. Görüşdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib ki, biomüxtəlifliyin azalması ilə mübarizə və onun qorunmasına ictimaiyyətin cəlb olunması "Cənubi Qafqazda Eko Dəhlizlər Proqramı"nın əsas məqsədidir: “Proqram çərçivəsində Qafqazdakı seçilmiş eko-dəhlizlərdə ekoloji cəhətdən dayanıqlı torpaq istifadəsi üçün maliyyələşdirmə tətbiq edilib və bununla da qorunan ərazilərin bir-biri ilə əlaqələndirilməsinə və ekoloji sabitliyin artırılmasına dəstək verilib”.
Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq regional əhəmiyyətli layihənin perspektivləri, ətraf mühitin qorunması sahəsində, eləcə də yerli əhalinin yaşadığı ərazidə təbiətin mühafizəsi ilə əlaqədar görüləsi işlər barədə bəhs edib. Səfir ölkəsinin ekologiyanın mühafizəsinə ciddi yanaşdığını deyib: "Ekoloji müxtəlifliyin pozulması, kənd təsərrüfatına yararlı torpaqların tükənməsi bizi də narahat edir. Bu mənada düşünürəm ki, "Cənubi Qafqazda Eko Dəhlizlər Proqramı" layihəsi qlobal mənada böyük əhəmiyyətə malikdir. Almaniya İnkişaf Bankının maliyyəsi və Ümumdünya Vəhşi Təbiət Fondunun təşkilatçılığı ilə gerçəkləşən layihəyə Azərbaycan dövləti tərəfindən də dəstək verilir".
Çıxış edənlər brakonyerliyə qarşı nəzarət, istifadəsi məhdud olan vəhşi təbiətin əsas yaşayış zonası yaratmaqla yaşayış yerlərinin bərpası, vahid otlaq idarəetmə planları, meşələrin davamlı istifadəsi, yaşayış yerlərinin və landşaftın yüksək dəyər elementlərinin saxlanması barədə layihə çərçivəsində görülən işlər barədə məlumat veriblər.
Layihənin milli koordinatoru Mələk Şükürova 2015-2019-cu illər üzrə tətbiq olunan proqramda 40 kənd icmasının, 28 850 sakinin iştirak etdiyini bildirib. O, 400 min avronun xərcləndiyi layihə çərçivəsində ümumilikdə 24 tədbir keçirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Cənubi Qafqazda “Ekoloji Dəhlizlər Proqramı” Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafı üçün Federal Nazirliyinin (BMZ) və İnkişaf Bankının (KfW) maliyyə dəstəyi ilə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Qafqaz ofisi tərəfindən həyata keçirilir. Bu proqram çərçivəsində “GOPA” məsləhətçiləri, “DFS” və “HessenForst konsorsiumu” məsləhət xidmətləri göstərir.
Proqramın başlıca məqsədi xüsusi mühafizə olunan təbiət əraziləri, yəni qoruqlar, milli parklar arasındakı dəhlizlərdə növlərin miqrasiyasını və sərbəst hərəkətini təmin etmək, yerli əhalini iqtisadi instrumentlər vasitəsilə bu növlərin mühafizəsinə dəstək olmağa cəlb etməkdir.
Proqram çərçivəsində yaradılmış “Ekoregional Dəhlizlər Fondu” davamlı torpaq istifadəsi praktikasını dəstəkləyir. Bu fond WWF tərəfindən idarə olunur, ilk mərhələdə BMZ tərəfindən maliyyələşdirilsə də, digər fondlar üçün də açıq olan uzunmüddətli maliyyə resursudur. Bu maliyyə resursu seçilmiş ekodəhlizlərdə yaşayan yerli kənd əhalisinin torpaqlarını ekoloji cəhətdən düzgün idarə etməsinə kömək məqsədi daşıyır.
Layihə Azərbaycanın Böyük Qafqaz dağlarında 2015-ci ildən etibarən həyata keçirilir. Ekodəhliz Azərbaycanda 10 inzibati rayon, 3 xüsusi mühafizə olunan təbiət ərazisi və 5 icma klasterini əhatə edir. Layihə çərçivəsində 3 icma - Quba rayonunda Qonaqkənd və Xınalıq kəndi ətrafındakı və Zaqatala-Qax bölgəsində Parsidan ətrafındakı icmalar klasteri ilə bağlanmış müqavilələrə əsasən ümumi sahəsi 35 min 246 hektar olan ərazi təbiəti mühafizə məqsədləri ilə növbəti 10 il müddət üçün dincə qoyulub.
Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan tədqiqatlara görə, hazırda dünyada torpaqların üçdəbiri eroziya, germetizasiya, üzvi maddələrin yuyulması, turşuluq, çirklənmə və başqa mənfi proseslərin təsiri altında deqradasiyaya məruz qalıb. Əgər təcili tədbirlər görülməzsə, 2050-ci ildə eroziya nəticəsində planetin bütün torpaq sahələrinin 90 faizi məhv olacaq. Sözügedən qurumun proqnozlarına əsasən, torpağın deqradasiyasının indiki tempi gələcək nəsillərin tələbatının ödənilməsini də təhlükə altında qoyur. Proqnozlara görə, 2050-ci ildə planetimizin əhalisi 9 milyard nəfəri keçəcək. Onların ərzaq təminatı yalnız məhsuldarlığın artırılması və sağlam torpaq zəminində becərilən məhsulun keyfiyyətinin yüksəldilməsidir. Bundan başqa, torpaq zəmini həm də özünəməxsus filtr rolunu oynayır və hər il on minlərlə kub kilometr suyu təmizləyir. O, karbon qazının tənzimlənməsi üzrə iqlim dəyişikliyinin qarşısını almağa da kömək edir.
Qeyd edək ki, Azərbaycanda da torpaqlar müxtəlif dərəcədə erroziyaya məruz qalıb. Respublikada ümumi torpaq fondunun sahəsi 8,641 milyon hektardan artıqdır. Bunun 4,47 milyon hektarı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 milyon hektarı suvarılan torpaqlardır. Respublika ərazisinin 3,240 milyon hektarı və ya 37,4 faizi istifadə olunmayan (şoranlaşmış, bataqlıqlaşmış, güclü eroziyaya uğramış, daşlı çay yataqları, qayalıqlar və s.) torpaqlardır. Ərazinin geoloji quruluşundan, relyefindən, iqlim şəraitindən, torpağın rütubətlənmə şəraiti və mexaniki tərkibindən, sukeçirmə qabiliyyətindən, strukturundan və s. asılı olaraq yaranan ekocoğrafi problemlər də müxtəlif olur.
Azərbaycanda torpaqların 36,4 faizi müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1faizi zəif, 10,7 faizi orta, 11,6 faizi şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Azərbaycanın ayrı-ayrı regionlarının təbii şəraitindən və antropogen təsirlərdən asılı olaraq eroziya proseslərinin intensivliyi və forması müxtəlif dərəcədə inkişaf edib. Odur ki, Mil və Qarabağ düzlərində torpaqların 30,8 faizi, Quba-Xaçmaz zonasında 48,2 faizi, Abşeron yarımadasında 40,3 faizi, Şirvan düzündə 27,7 faizi, Şəki-Zaqatala zonasında 55,7 faizi eroziya proseslərinə məruz qalıb. Bura su, külək və irriqasiya eroziyasına məruz qalan bütün torpaqlar aiddir.
Su eroziyası dağlıq ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub və qismən şimal-şərq yamacında geniş yayılıb. Meşə örtüyü zəif olan yamaclarda, xüsusilə Şinçay, Kişçay, Girdimançay, Pirsaat və Qozluçayda dağıdıcı sellər daha tez-tez müşahidə olunur. Qeyd olunan çaylar qədər daşqınlara məruz qalan Katex, Mazımçay və Balakən çaylarının hövzələri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir və ona görə də buradakı meşələr, subalp və alp çəmənlikləri çox yaxşı mühafizə olunduğundan eroziya prosesi zəif gedir və adı çəkilən çaylarda sel hadisələrinə təsadüf edilmir. Meşə zonasından yuxarı subalp və alp çəmənliklərdə eroziya prosesinin inkişafına təkan verən əsas amil mal-qara və qoyun sürülərinin göstərdiyi antropogen təzyiqin getdikcə güclənməsidir. Bu səbəbdən yaranan eroziya proseslərinə məruz qalan torpaqlar Quba, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Gədəbəy, Daşkəsən və işğal olunmuş Kəlbəcər və Laçın rayonlarının dağ çəmənliklərində daha çox sahə tutur.
Su eroziyası ilə yanaşı külək eroziyası da torpaqlara ziyan vurur. Onun ən çox yayıldığı yerlər Abşeron yarımadası, Qobustan, Samur çayından başlamış Qızılağac körfəzinə qədər Xəzər dənizinin sahil zonası, Mil və Muğan düzləri, Ceyrançöl, Acınohur düzü və Bozdağ sistemidir. Buradakı təsərrüfat sahələrinə külək eroziyasının vurduğu ziyan çox böyükdür. Məsələn, küləklərin hakim olduğu ərazilərdə torpaq örtüyü sovrularaq öz münbitliyini itirir, məhsuldarlıq dəfələrlə azalır və bəzi hallarda tamamilə sıradan çıxır. Respublikada külək eroziyasına məruz qalan torpaqların ümumi sahəsi 200 min hektardır.
Torpaqların şoranlaşması isə Azərbaycanda ən böyük ekocoğrafi problemlərdən biri hesab edilir. Ölkədə şoran torpaqların ümumi sahəsi 2 milyon hektardan artıqdır və bunun 1,32 milyon hektarı Kür-Araz ovalığındadır. Müəyyən edilib ki, respublikanın suvarılan torpaqlarının (1,43 milyon. ha) 600 min hektardan çoxu şoranlaşıb və bunun 224 min hektarı daha şiddətli şorlaşmış torpaqlardır. Beləliklə, ən çox şorlaşmaya məruz qalan torpaqlar Kür-Araz ovalığındadır. Bundan əlavə Siyəzən, Xızı rayonlarında, qismən Abşeron yarımadasında, Naxçıvan MR-da, Ceyrançöldə, Acınohur düzündə və s. yerlərdə də şoran torpaqlar mövcuddur.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.