Xalqımın toy kimi bir adəti var

11:46 13.07.2023
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqının toy kimi bir adəti var. Bu adətin də elçilik, nişan, qız toyu, xınayaxdı, oğlan toyu kimi mərhələləri var. Məlumdur ki, Azərbaycanda toy adətləri xalqımızın mədəniyyətinin tərkib hissəsi olaraq özünü doğruldub. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilib. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı, bir-biri ilə bağlı təntənəli ənənələr sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapıb. Hələ "Kitabi-Dədə Qorqud" dastanında toy adətlərimizi detalları ilə görürük. Məsələn, elin gənc oğlanları at çapmaqda, ox atmaqda yarış keçirər, pəhləvanlar güclərini sınayar, toya qırx gün, qırx gecə hazırlıq görülərdi.

Bu gün Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin  gül dəstəsi atması, "bal ayı"nın  keçirilməsi də bu qəbildəndir.

Qeyd edək ki, qədim dövrlərdən kənd yerlərində qızlar bulaq başında görülər, bəyənilərdi. Şəhərlərdə oğlan anaları gələcək gəlinlərini həftə hamamında seçər, gözü tutanı oğluna məsləhət görərdi. Oğlan da toyda-mağarda, məsləhət bilinəni görər, öz fikrini bildirərdi. Əksər hallarda onun fikri ilə ananın fikri üst-üstə düşərdi. Sonra xəbər göndərmə mərhələsi başlayardı. Həmçinin o dövrdə gələcək gəlinin sağlamlığına, iş görmək qabiliyyətinə mühüm üstünlük verilərdi. Oğlan bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyünü ata-anasına bildirdikdən sonra, oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat yoxdursa, oğlan anasının, yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş ara arvadının iştirakı ilə) keçirdiyi elçilik qabağı qızgördüsünə gedirdilər.

Bu mərhələni həyata keçirən, evin qadınları olsalar da, prosesdə görünməz şəkildə kişilər də iştirak edirlər. Oğlan atası oğlanın anasına qız və onun yaxın qohum-qardaşı haqda lazımi məlumat toplamağı tapşırır. Bu tapşırıqdan sonra oğlanın yaxın qohumları müxtəlif yol və vasitələrlə qızın özü, valideynləri, nəsli-nəcabəti barədə müəyyən məlumat əldə etməyə çalışırlar. Bundan sonra oğlan evi qadınları qızın ailə üzvləri ilə yaxından görüb təmas qurmaq üçün onlar gedirlər.

Bu "görüşə", bir adət olaraq, səhər tezdən və qəfildən gedilirdi ki, qız yuxudan oyanandan sonra üzgözünə bəzək-düzək vurmasın. Oğlan evi qadınları qız qapısını döyüb yoldan keçən bir insan tək bəhanə ilə həyətə və evə daxil olurlar. İçəriyə daxil olan "qonaqlar" heç bir şeyi üzə vurmur, mətləbə dəxli olmayan müxtəlif söhbətlər edir, hər vasitə ilə əsas məqsədlərini gizlədirlər. Söhbət arası ev sahiblərindən qızına su gətizdirməyi xahiş edirlər. Bu zaman gözaltı qızın əl-ayağı, oturub durmağı, yerişi və zahiri görkəminə xüsusi diqqət yetirir, onu mütləq danışdırmağa çalışır, fürsət tapıb başına sığal çəkərək hörüyünün təbii, yoxsa süni olduğunu yoxlayırdılar.

Uzaq keçmişdə görücülər bunlarla kifayətlənməyib qızın qulağının yaxşı eşidib-eşitməməsinə, gözünün nə dərəcədə görməsinə, əsəblərinin yerində olub-olmamasına fikir verirdilər. Qızın ev işlərini necə bildiyini öyrənməkdən ötrü, qəsdən mətbəx işlərindən söz açırdılar. Axırda qız evini tərk edən "Allah qonaqları" geyinən zaman qəfildən qızın ayağı altına kəlağayını salırdılar. Əgər bu kəlağayıya qədəm basmış qızın dabanları çatlaq, çirkli olurdusa, kəlağayının zərif ipək sapları mütləq büzülərdi. Bu da qızın özünə qulluq etməməsinə işarə idi. Sonra görücülər bəyənilmiş qızın anasma eyhamla: "Allah Sizə bir yaxşı yerdən qapı açsın " deyib sağollaşır və oğlangilə qayıdaraq bütün gördüklərini və öyrəndiklərini evdəkilərə danışırlar. Məsləhətləşib qızı almaq qərarına gəldikdə, ağbirçək bir qadın tapıb onu ağızaramaya göndərirdilər. Təbii ki, indi bu adətlər bir qədər müasirləşib. Artıq qızla oğlan bir-birlərini bəyəndikdən sonra valideynlərin fikri öyrənilir. Oğlanın ata – anası razı olduqdan sonra qızın yaxın adamlarına – xalasına, bibisinə, anasına xəbər göndərir. Onların ağzı aranır. Oğlan evi arayıb, axtarıb qız evinə münasib, yaxın bir adam göndərir ki, kim tərəfdən elçi gəldiyini qız evinə xəbər versin. Bəzən elə olur ki, qız evi razılıq vermir. Onda elin-obanın ən mötəbər, hörmətli adamı qız evini razılığa gətirməyə çalışır: “Adətə görə, əvvəl iki qadın – oğul anası, yaxın qohumlarından biri elçi gedər. Elə ki, qadınlar razılığa gəldi, ailənin şah damarı sayılan atalar görüşür. Oğlan atası üç nəfər hörmətli şəxslə qız evinə gedər. Elçi gedənlər öz hərəkəti, davranışı ilə qız evinə bildirir ki, elçiliyə gəlib. Qız atası elə birinci elçilikdən razılığa gəlmir. “Bir qızla, anası ilə, yaxın qohum - əqrəbə ilə məsləhətləşim, sonra qəti fikirimizi sizə bildirərik”-deyir. Qızın rəyi soruşulanda susarsa, “susmaq razılıq əlamətidir” deyərlər. Ancaq yenə qəti söz deyilmir. Böyük elçiliyə razılıq verilir. Çünki əsas sözü böyüklər, ağsaqqallar deyir. Bundan sonra oğul atası ailəyə yaxın olan adamları - əmini, dayını və başqa qohumları evə dəvət edir. Məsləhətləşdikdən sonra “elçi” getməyi qərara alırlar. Qız evi ilə razılaşdırılmış gündə elçilər gəlirlər.

Maraqlıdır, bu gün unudulan toy adət-ənənələrimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir?

Mövzu ilə bağlı bizimlə söhbətləşən etnoqraf alim, tarix elmləri doktoru Şirin Bünyatova bildirib ki, milli adətlərimizə görə, ta qədimlərdə "Beşik kəsmə", "Süd nişanı", "Söz kəsdi", "Razılaşma" kimi adətlər var idi. Onun nə vaxt yarandığını heç kəs deyə bilməz. Hətta alimlər ailənin yaranması ilə bağlı müxtəlif versiyalar bildirirlər. Dairəvi evlərin formasına görə, bəziləri ailənin yaranmasını Neolit dövrünə, bəziləri isə eneolit dövrünə aid edir: “Məsələn “beşik kəsmə”yə qədimdə beşikkərtmə deyirdilər. Uşaq hələ ana bətnində olanda qohumlar və ya dostlar öz aralarında "beşik kəsmə" edirdilər. Beşik qılıncla kəsilirdi. Burada həm də iqtisadi maraqlar əsas daşıyırdı. İki qardaş istəmirdi ki, torpaqlar, evlər bölünməsin. Bundan da başqa, istəmirdilər ki, qız uzaq yerə ərə getsin. Ona görə də doğulan kimi beşik kəsirdilər. Bu adət kirvəlikdə yox idi. Çünki kirvəliyi qardaşlıq hesab edirdilər. Hətta "Kitabi Dədə Qorqud" dastanında da "Dirsə xan oğlu Buğac boyu"nda bu ənənə göstərilib. "Beşik kəsmə" edilən insanlar böyüyəndən sonra evlənirdilər. Beşiyi kəsilən qıza artıq başqa bir insan elçi düşə bilməzdi. Oğlan da verdiyi sözün üstündə dayanırdı. O da başqasına meyl etmirdi. "Kişinin sözü bir olar" deyirdilər. Hətta sözündən dönən icma içində böyük qınaqla üzləşirdi. Düzdür, bu adət indi də nisbətən var. Amma uşaqlar böyüyəndə onların fikri nəzərə alınır, oğlan və ya qız evlənmək istəmirsə, onların düşüncəsinə hörmətlə yanaşılır".

Tarix elmləri doktorunun sözlərinə görə, zamanla unudulmuş ənənələrdən biri də "Süd nişanı"dır: “Bu ənənə də türk xalqlarının çoxunda var. Eyni zamanda, Qafqaz xalqlarında da olub. Bu ənənələr XX əsrin əvvəllərinə qədər davam edib. Beşik kəsilən, süd nişanı olan qızlara oğlan evi hər bayramda hədiyyə alıb göndərirdi. El-obada toy olardısa, həmin qıza yeni geyim alıb, qızıl alıb onu özləri ilə toya aparırdılar. Əgər qız böyüdükdən sonra fikri dəyişilərdisə, bütün hədiyyələr geri qaytarılırdı. Amma o dönəmlərdə qızların yox demək kimi hüququ yox idi. Amma Qafqaz xalqlarında bu ənənə davam etməyib. XX əsrdə bitib. Bu gün dəyişən adətlərdən biri də xınayaxdı mərasimləridir. Məsələn, bu mərasim bir vaxtlar evlərdə, ailə arasında keçirildi. Qızın ata evində son şadyanalığı olurdu. Rəfiqələrini yığıb şənlənirdilər, oğlan tərəfi də xına gətirirdi. İndi xınayaxdı el adətindən çıxıb, artıq restoranlarda qeyd olunur. Bunun da müəyyən səbəbləri var. Heç kəs özünü əziyyətə vermək istəmir. Hər halda istəyirlər ki, əgər şənlənirlərsə qoy elə evdən kənarda şənlənsinlər və s”.