“Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi Avrasiya miqyasında ən strateji tranzit layihələrindən biri kimi qlobal ticarət xəritəsinin yenidən formalaşdırılmasında mühüm rol oynayır. Bu dəhliz Hindistanı və Cənubi Asiyanı Rusiya, Avropa və hətta Skandinaviya regionu ilə birləşdirmək məqsədilə layihələndirilib, daşımaların vaxtı və xərclərinin azalması sayəsində cəlbedici marşruta çevrilib. Bu dəhlizin strukturunda üç əsas qol ayırd edilir: qərb qolu, şərq qolu və mərkəzi hissə”.
Hafta.az yazır ki, bu sözlər İranın ölkəmizdəki Səfirliyinin İqtisadiyyat şöbəsindən redaksiyamıza daxil olan məqalədə deyilir. Bildirilir ki, qərb qolu Hindistandan İranın cənub limanlarına, daha sonra dəmir yolu və avtomobil yolları vasitəsilə Azərbaycana, oradan da Rusiya və Avropaya uzanır. Bu marşrut nisbətən inkişaf etmiş infrastruktur və birbaşa quru bağlantısı səbəbindən yüksək əməliyyat əhəmiyyətinə malikdir.
Şərq qolu isə İrandan Türkmənistan və Qazaxıstana doğru uzanır, oradan da Rusiyanın dəmir yolu şəbəkəsinə qoşulur.
“Lakin mərkəzi hissə, yəni əsas diqqətin Xəzərdə dəniz daşımalarına yönəldiyi istiqamət, Fars körfəzi və Oman dənizində yerləşən İranın cənub limanlarından Xəzərdəki şimal limanlarına, daha sonra gəmiçilik xətləri vasitəsilə Rusiyanın və digər Xəzəryanı ölkələrin limanlarına birləşir. Bu çərçivədə İranın şimal limanları, o cümlədən Ənzəli, Əmirabad və Nuşəhr limanları, dəhlizin mərkəzi qolunda əsas qovşaqlar kimi çıxış edərək şimal və cənub arasında yük daşınmasında həlledici rol oynayır. Bu qovşaqlarda baş verən hər hansı pozuntu faktiki olaraq beynəlxalq ticarət axınında fasilə yaradacaq və dəhlizin ümumi səmərəliliyini azaldacaq”, - məqalədə deyilir.
Bildirilir ki, bu kontekstdə 18 mart tarixində İranın Xəzərdə ən böyük limanı olan Ənzəli limanına qarşı İsrail tərəfindən həyata keçirilmiş hücum, bu dəhlizin strateji nöqtələrindən birinə yönəlmiş addım olaraq, sadəcə lokal hadisə kimi qiymətləndirilə bilməz. Bu addım coğrafi sərhədlərdən və ticarət-nəqliyyat məsələlərindən kənara çıxan nəticələr doğura, təchizat zəncirinin təhlükəsizliyinə, iqtisadi aktorların etimadına və alternativ qlobal ticarət marşrutlarının davamlılığına, başqa sözlə, Avrasiyada təhlükəsizliyə təsir göstərə bilər.
“Bu şəraitdə Xəzər dənizində “təhlükəsizliyin bölünməzliyi” və “vahid təhlükəsizlik” anlayışları əsas prinsip kimi önə çıxır. Bu akvatoriyada təhlükəsizlik vahid şəkildə müəyyən olunur və hər hansı bir ölkənin liman infrastrukturu, gəmiçilik xətləri və ya tranzit marşrutlarına qarşı təhdid birbaşa olaraq bütün regiona təsir edir. Başqa sözlə, Xəzərdə təhlükəsizlik şəbəkə xarakteri daşıyır və onu ayrı-ayrı milli çərçivələr daxilində məhdud şəkildə müəyyən etmək mümkün deyil. Məhz buna görə də Xəzəryanı ölkələr daim vurğulamışlar ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq dənizi olmalıdır”, - məqalədə deylir.
Səfirlik qeyd edir ki, buna əsasən, Şimal–Cənub dəhlizinin, xüsusilə onun mərkəzi hissəsinin qorunması maraqlı tərəf ölkələr tərəfindən koordinasiyalı və çoxtərəfli yanaşmanın qəbul edilməsini tələb edir. Təhlükəsizlik sahəsində əməkdaşlıq, ortaq infrastrukturun inkişafı, məlumat mübadiləsi və Xəzər dənizində regional mexanizmlərin gücləndirilməsi bu dəhlizin sabitliyinin və səmərəliliyinin qorunmasına kömək edə bilər.
“Nəhayət, vurğulamaq lazımdır ki, Şimal–Cənub dəhlizi sadəcə nəqliyyat marşrutu deyil, həm də regional və transregional səviyyədə iqtisadi inteqrasiya və geosiyasi sabitlik üçün həyati əhəmiyyət daşıyan bir arteriyadır”, - səfirlik məqalənin sonunda qeyd edir.