12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür. Qeyd edək ki, 2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur. Beləliklə, artıq 17 ildir ki, Xəzər dənizinin xüsusi günü var.
Məlumat üçün bildirək ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.
Təsdiq olunduğu şəhərin adı ilə “Tehran Konvensiyası” kimi tanınan həmin saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əksini tapıb. “Tehran Konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Sonradan bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.
2018-ci il avqustun 12-də isə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Təbii ki, son 30 il ərzində iqlim dəyişmələri Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib. Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan tələbatının ödənilməsinə yönəldilməsi ilə də izah edilir.
İndiyə kimi aparılmış tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Həmin tədqiqatlara əsasən 100 il əvvəl Xəzərin səviyyəsi 2 metr yüksək olub. XX əsrin 30-cu illərində səviyyə 1.5 metr enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə hər il dənizin səviyyəsi 10 santimetr enir. Həmin dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən olduqca asılıdır.
Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Dənizin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dənizin ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir.
Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən növbəti kompleks ekoloji monitorinqlər başa çatıb. Monitorinqlər zamanı Xəzər dənizinin Muxtadır, Quba, Siyəzən, Giləzi, Cənub-Şərqi Qoltuq, Şimal-Şərqi Qoltuq, Lənkəran, Kür dili və Şahağacı kəsimlərində dənizin hidrobioloji vəziyyəti təhlil edilib. Belə ki, su, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.
Ümumiyyətlə, Xəzər dənizinin səviyyəsinin dəyişilmə amplitudası üç metrə qədərdir. Buna baxmayaraq, hazırkı səviyyə tərəddüdləri məhz sürətlə dəyişən iqlim fonunda baş verir. Ən aşağı səviyyə son 100 ildə müşahidə olunub və 1977-ci ildə qeydə alınıb. Həmin səviyyəyə çatmağa qədər hələ ki, 80 santimetr var. Lakin son 10 ildə iqlim dəyişmələrinin daha sürətlə baş verməsi narahatlıq hissi yaradır. Məhz buna görə də Xəzəryanı ölkələrin hökumətləri, alimləri, eyni zamanda, bu sahədə fəaliyyət göstərən mütəxəssislər ciddi narahatlıqlarını ifadə edirlər. Ötən il iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev də Xəzər dənizinin ekoloji vəziyyətinə toxunub və bildirib ki, Azərbaycan bu istiqamətdə ekoloji problemlərin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır: “Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”.
Yeri gəlmişkən, Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda- Qızılağac, Rusiyada- Həştərxan, Türkmənistanda - Xəzər . Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır. Burada onurğalıların 79 növü mövcuddur. Bunlardan başqa Xəzərdə 101 balıq növü də mövcuddur. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var.
Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5 m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Burada bəzi növlərin sayı milyon və milyardlarla hesablanır: siyənəkkimilər, xulkimilər, nərəkimilər, gızılbalıgkimilər, durnabalığı, çəkikimilər, naxabalığı və s. Bunlardan durnabalığı, xanıbalığı , dabanbalığı şirin su mənşəlidirlər. Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.
Bundan başqa Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069 sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Mənşəyinə görə Xəzər dənizində beş qrup sərbəst yaşayan heyvanlar ayırd etmək olar ki, bunlar da əsasən dənizin mürəkkəb tarixə malik olduğunu əks etdirir. Xəzər suitisi isə Xəzərin yeganə məməli heyvanıdır.
Məsələyə münasibət bildirən ekoloq Ənvər Əliyev deyib ki, Xəzər dənizi okeanla əlaqəsi olmayan dünyanın ən böyük qapalı su sistemidir: “Orada dünyada heç yerdə olmayan çox gözəl, nadir fauna mövcuddur. İstərdik ki, hər il istədiyimiz qədər də olmasa, ən azı süfrələrimizə ayda bir-iki dəfə balıq məhsulları da qoya bilək. Xəzərin sahil xətti 860 kilometr olmaqla onu əhatə edən 5 dövlətin sahil xəttinin ən azıdır. Vaxtilə Xəzərin bizə aid sahil xəttinin Şimal, yəni Quba-Xaçmaz zonasına aid olan hissəsində keçmiş SSR-nin ən böyük turizm sektorunun yaradılması nəzərdə tutulurdu. Məlum səbəblərdən bu plan həyata keçirilə bilmədi. İstərdik ki, hazırda dünyanın ən unikal – meşə və dəniz ekosistemlərinin qovuşduğu hissədə, eləcə də bol günəş şüası və qumlu sahilləri olan bu ərazilərdə müasir tələblərə uyğun istrahət zonaları yaradaq. Bu təbii potensialdan lazımi qaydada istifadə edə bilsək, onda hər il biz də turizmdən ərazisi və əhalisi bizim qədər olan Avstriya, eləcə də qonşu Türkiyə kimi on milyardlarla gəlir götürə bilərik. Belə halda Azərbaycan 150 milyona yaxın əhalisi olan Rusiyanın nəhəng turizm bazarına çevrilmiş olar. Respublikamızın cənub hissəsindəki sahillərində də bu cür infrastruktur yarada bilsək, onda qeyri-neft sektoru ölkə büdcəsinə neft və qazımızdan da çox gəlir gətirən sahəyə çevrilə bilər”.