Zəfər tariximiz dərsliklərdə - Müzakirə

10:57 03.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Şanlı tariximizin Zəfər günlərinin ikinci ildönümünü yaşayırıq. Azərbaycan İkinci Qarabağ müharibəsində əldə etdiyi böyük qələbə ilə 30 iilik işğala son qoymaqla eyni zamanda, öz tarixində ilk dəfə olaraq tarixi torpaqlarını düşmən tapdağından azad etdi. Bəs görəsən, ötən müddət ərzində ən yeni tarixi faktlarla bağlı dərsliklərdə hansı dəyişikliklər olub? Dərsliklərinin hamısı yenilənibmi? Ümumiyyətlə, bu gün dərsliklərdə 44  günlük Vətən muharibəsinə və bu müharibədə əldə edilən böyük qələbəyə nə dərəcədə yer ayrılıb?

Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti, tarixçi Kamran Əsədov deyib ki, orta ümumtəhsil məktəblərində istifadə edilən əksər dərsliklərə 44  günlük Vətən muharibəsi və bu müharibədə əldə edilən qələbə tarixi fakt olaraq əlavə olunub: “Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi artıq ötən ildən etibarən orta ümumtəhsil məktəblərində istifadə edilən dərsliklərdə yer almağa başlayıb. Bilirsiniz ki, dərsliklər 4 ildən bir dəyişir və hansı dərsliyin ki, dəyişmə növbəsi çatır həmin vəsaitlərdə ciddi şəkildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbəmiz, eyni zamanda, cənab Ali Baş Komandanın uğurları, müzəffər ordumuzun “Dəmir yumruq” əməliyyatı adı altında əldə etdiyi qələbələr artıq ibtidai sinif dərsliklərində, həmçinin IX sinif və XI sinif tarix kitablarımızda tarixi fakt olaraq əlavə olunub. Bundan başqa, Azərbaycan dili, Həyat bilgisi kitablarında oxu materialı olaraq verilib, habelə ibtidai siniflər üçün olan kitablarda, yuxarı siniflər üçün nəzərdə tutulmuş dərsliklərdə qələbəni tərənnüm edən şerlər əlavə olunub. Yəni, artıq biz bütün siniflər üzrə qəhrəmanlıq salnaməsinin əks olunduğunu görürük. Digər tərəfdən, təhsil nazirinin müvafiq əmri ilə umumtəhsil məktəblərində “Zəfər tarixi” kitabı ayrıca fənn olaraq tədris edilir. Bütün bu sadaladıqlarım kifayət qədər uğurlu addımdır. Düzdür, tarix təzədir, amma buna baxmayaraq Vətən müharibəsində əldə edilən qələbənin şagirdlərə çatdırılması üçün kifayət qədər iş görülüb”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, tarix elmləri doktoru, professor Musa Qasımlı da bizimlə söhbətində bu sahədə kifayət qədər geniş işin getdiyi qənəatində olduğunu bildirib: “Böyük Zəfərin ölkəmizin bütün vətəndaşlarına, xüsusən orta məktəb şagirdlərinə çatdırılması zəruridir. Bundan ötrü çox geniş vasitələr vardır. Həmin vasitələrdən biri də qazanılan qələbənin tarix dərsliklərində və eləcə də digər dərsliklərdə əks olunmasıdır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbənin səbəblərini və tarixi əhəmiyyətini sadə, anlaşıqlı dildə şagirdlərimizə çatdırmaqda fayda var. Düşünürəm ki, bu sahədə kifayət qədər geniş iş gedir”.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda Zəfər tarixi qısa müddətdə uğurla yazılaraq şagird və müəllimlərin ixtiyarına verilib: “Zəfərə qədər Azərbaycan keşməkeşli yol keçib. Bütün dünya bilirdi ki, Azərbaycanın işi haqq işidir. Azərbaycanın tarixi torpaqları işğal olunub, amma çox təəssüflər olsun ki, bu 30 il ərzində dünyanın böyük dövlətləri, nüfuzlu təşkilatları ölkəmizin haqq işi ilə bağlı yanında olmadılar. Nəinki yanında olmadılar, Azərbaycana qarşı oldular. Nəhayət, Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan BMT Təhlükəsizlik Şurasının, beynəlxalq təşkilatların görə biləcəyi işi özü həll etdi. Əsgərinə güvəndi, zabitinə güvəndi və Azərbaycan xalqını “Dəmir yumruq” kimi birləşdirə bildi. Və Azərbaycan öz tarixində ilk dəfə olaraq tarixi torpaqlarını azad edə bildi. Erməni məkri haqqında, erməni gücü haqqında nələr var idisə, onlar hamısı tarixin arxivinə getdi. Yəni, ermənilərlə bağlı söylənilən bütün fikirlərin rəvayət və əfsanə olduğu üzə çıxdı. Amma Azərbaycan xalqı da dünyaya bəyan etdi ki, o tarix boyu öz ədaləti ilə diqqəti cəlb edib. Heç kimin torpağında gözü yoxdur. Ancaq öz torpağını da heç bir zaman düşmən işğalında qoya bilməz. Və bütün bunları da 44 günlük Vətən müharibəsində sübut etdi. Tarix bizə nəyi öyrədir? Bir müharibədən əvvəlki dövr olur, bir müharibə dövrü olur, bir də müharibədən sonrakı dövr olur. Müharibədən sonrakı dövrün bir neçə xüsusiyyəti olur. Birincisi, bərpa quruculuq işləri, ikincisi, həmin tarixi təbliğ etmək və insanların yaddaşına həkk etməkdir. Bu mənada Azərbaycan dövləti də Ermənistan üzərində qələbə çalandan sonra qeyd etdiyim məsələləri uğurla həyata keçirir. Qarabağda bu gün gecə-gündüz uğurlu quruculuq işləri gedir, yeni şəhərlər və qəsəbələr, yollar salınır. İki gün öncə biz Şuşada idik. Bütün quruculuq işlərinin canlı şahidi oldum.

Amma eyni zamanda, tarix necə yazılır? Bu gün bununla bağlı da uğurlu işlər görülür. Qələbədən ötən iki il müddətində “Zəfər tarixi” adlı kitab yazıldı. Mən də həmin kitabın baş redaktoru kimi bu barədə ətraflı fikirlərimi deyə bilərəm. Yəni, Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi, Qarabağ müharibələrinin başlanma səbəbləri, ermənilərin Qarabağa ərazi iddiaları, sovet dövründə bu məsələyə münasibət, Ümummilli lider Heydər Əliyevin dövründə bu məsələyə münasibət, sonrakı məqamlarda siyasi hakimiyyət uğrunda alver və nəticəsi olaraq Qarabağın işğal olunması, BMT Təhlükəsizlik Şurasının qətnamələri və s. bütün bunlar hamısı sözügedən kitabda qeydə alınıb. Və ən nəhayət həmin hadisələrin orta məktəb şagirdlərinə çatdırılması təmin olunub. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin ən böyük uğurlarından biri də qısa müddətdə “Zəfər tarixi” kitabının nəşr olunması və həmin vəsaitin orta məktəblərdə şagirdlərin, müəllimlərin ixtiyarına verilməsidir. Təbii ki, orta məktəb şagirdinin bir hissəsi bu müharibə barədə məlumatı televizordan əldə edib, bir hissəsinin atası, qardaşı bu müharibənin iştirakçısı olub, onlar arasında qazi, şəhid olanlar var. İndi bu tarixi kitabdan oxumaq, hadisələrin dərsliyə salınması, müəllimlərin tədrisi, şagirdlərin bu tarixi öyrənməsi istiqamətində heç bir problem yoxdur. Təbii ki, gələcəkdə də bu istiqamətdə işlər uğurla davam etdiriləcək. Elə son dövrlərdə bu məsələ ilə bağlı kifayət qədər kitablar yazılıb. Yəqin ki, gələcəkdə “Zəfər tarixi” kitabının təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılacaq”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov da hesab edir ki, bu gün dərsliklərdə 44  günlük Vətən muharibəsinə və bu müharibədə əldə edilən böyük qələbəyə kifayət qədər yer ayrılıb: “Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin Azərbaycan məktəblərində tədris olunan dərsliklərə salınması artıq təmin edilibdir. Əlbəttə ki, dərsliklər zaman-zaman yenilənir, dərsliklər təkmilləşdirilir və bundan sonra da bu mövzuya böyük əhəmiyyət veriləcək. Elm və Təhsil Nazirliyi 44 günlük müharibə qələbə ilə başa çatandan sonra artıq növbəti tədris ilindən “Zəfər tarixi” adlı dərsliyi istifadəyə verdi. Hesab edirəm ki, bu çox önəmli addım idi və qələbənin əldə olunmasında Ali Baş Komandanın, müzəffər Azərbaycan ordusunun qəhrəmanlıqlarından, şücayətindən, xalqın iradəsindən bəhs edən mövzuların dərsliklərdə yer alması məqsədilə məhz yeni nəslin bu istiqamətdə məlumatlandırılması, onların vətənpərvərlik, vətənə bağlılıq, milli dəyərlər ruhunda tərbiyə olunması üçün vacib idi. Qeyd etdiyim kimi, dərsliklər mütəmadi olaraq yenilənir. Sözsüz ki, dərsliklərdə bu kimi mövzuların bundan sonra da yer alması təmin olunmalıdır və təmin də olunacaq. Hazırda bu istiqamətdə davamlı işlər görülür. Vətən müharibəsində şücayət göstərmiş, qəhrəmanlıq nümunələri ortaya qoymuş igidlərimizin həyat hekayələri bundan sonra da mütləq dərsliklərə salınmalıdır. Bu istiqamətdə biz təkcə dərsliklərlə kifayətlənməməliyik. Ümumilikdə, böyük qələbə mövzusu davamlı olaraq işlənməlidir. Bu ədəbiyyatımızda yer aldıqca, yeni əsərlər yarandıqca həmin əsərlərdən istifadə edilərək biliklər daha da təkmilləşdiriləcək. Təbii ki, Zəfər tarixi yazılıbdır, amma bu tarixin bütün detallarını öyrənmək üçün həm də müəyyən qədər zaman lazımdır. Bunun üzərində hələ bundan sonra da tarixçilər ciddi araşdırma aparacaqlar. Və Azərbaycan tarixinin şanlı səhifəsi, zəfərə gedən bütün yol zamanla dərsliklərdə daha təkmil formada öz əksini tapacaqdır”.