«Heydər Əliyev İli»ndə ən böyük hadisə dövlət suverenliyimizin tam təmin edilməsidir - RƏY

11:51 05.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü il Azərbaycanın əraziləri üzərində suverenliyinin tam bərpası ili kimi də yadda qaldı.

Milli Məclisin deputatı Musa Qasımlı Hafta.az-a açıqlamasında bildirib ki, Ulu Öndərin adını daşıyan 2023-cü il, həm də işğalçıların torpaqlarımızdan qovulması, sərhədlərimizin üzərində tam nəzarətin əldə edilməsi və nəhayət, sentyabrın 19-da  həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin təmin edilməsi baxımından mühüm il kimi tariximizə düşüb:

«2023-cü il tariximizə böyük dövlət və siyasət adamı ulu öndər Heydər Əliyevin 100 illiyi kimi daxil olacaq. Bu il ölkəmizdə və xaricdə çoxlu toplantı keçirilib. Lakin ən böyük hadisə ölkəmizin bütün ərazisində dövlət suverenliyimizin təmin edilməsidir». Onun fikrincə, bu, sadəcə, işğalçıların ölkəmizin ərazisindən qovulması, sərhədlərimiz üzərində nəzarətin qurulması və dövlət suverenliyinin bərpa olunması ilə bağlı deyil. Onun çox geniş anlamı var.

“Heydər Əliyev ilində Ermənistana, erməni dairələrinə, dünya erməniliyinə böyük bir zərbə vuruldu. Bu ildə qazanılan qələbə özünün əhəmiyyətinin miqyasına görə Azərbaycan coğrafiyasını, Cənubi Qafqazı və dünyanı əhatə edir. Ermənistan yaranışından heç bir zaman belə ağır zərbə almamışdı. Dünya erməniliyinə, Ermənistanı müdafiə edənlərə ağır zərbə endirildi. Bir neçə əsr ölkəmizə qarşı və millətimiz əleyhinə aparılan oyunları müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev darmadağın etdi. Bu, böyük bir tarixi hadisədir”.

M.Qasımlı hesab edir ki, bundan sonra dünyada ermənilərin böhranı dərinləşəcək. O, terrorçu  xislətində olan ermənilərin bundan sonra da bizim dövlət, siyasi ictimai xadimlərə qarşı terror aktlarını planlayacaqlarını, səfirliklərimizə, konsulluqlarımıza qarşı terror hərəkəti törədəcəklərini istisna etməyib.

“Həmişə olduğu kimi, ermənilər yenə də əleyhimizə çirkin kampaniya başladacaqalar. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə iftiralar yağdıracaqlar. Amma bunların heç biri nəticə verməyəcək. Düşünürəm ki, 2023-cü il Heydər Əliyev ilində bütün ərazilərimizdə əldə etdiyimiz dövlət suverenliyimizin bərpası, bundan sonrakı minilliklər tariximizdə daim yaşayacaq”.

Siyasət rubrikasından digər xəbərlər