Latviya Avropa İttifaqının (Aİ) Milli Mədəniyyət İnstitutları (EUNIC) klasterinin üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Hafta.az-ın yazdığına görə, bu barədə Latviyanın ölkəmizdəki səfirliyinin müşaviri Viya Buşa jurnalistlərə açıqlamasında bildirib.
“Şadıq ki, sədrliyimiz dövründə klasterdə daha çox yeni üzvlər və assosiativ üzvlər meydana çıxdı - Gürcüstan və Moldova assosiativ üzv, Ukrayna isə klasterin tərəfdaşı olub. Bu o deməkdir ki, biz mədəniyyətimizin təşviqi, ölkələrimizlə Azərbaycan arasında mədəni körpülər qurmaq üçün daha çox tədbirlər keçirə biləcəyik”, - o qeyd edib.

V.Buşanın sözlərinə görə, klasterin genişləndirilməsi və Ukraynaya tərəfdaş statusunun verilməsi, Rusiyanın Ukrayna torpaqlarına qarşı hərbi təcavüzünün başlamasının ikinci ildönümünü nəzərə alaraq, Latviya səfirliyi üçün simvolik hadisədir: “Bu, çox simvolikdir və həmrəylik nümayiş etdirir. Xüsusi ilə vurğulamaq istərdim ki, Aİ nümayəndəliyi klasterin üzvü deyil, lakin onlar bizim strateji tərəfdaşlarımızdır. Biz Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə bütün fəaliyyətlər üzrə sıx əməkdaşlıq edirik, burada Aİ mədəniyyətini Azərbaycanda təmsil edirik və ümumi layihələr yaradırıq”.
