İsrail Raketdən Müdafiə Təşkilatının (IMDO) direktoru Moşe Patel, yerli istehsal olan "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemlərinin son 12 ildə, xüsusilə Qəzzadadakı Həmas qüvvələrinin qısa mənzilli raket hücumlarına qarşı 5 mindən çox müvəffəqiyyətli əməliyyat keçirdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) beyin mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən Patel deyib ki, "Dəmir Qübbə" bu günədək ölkə ərazisinə atılan 5 minə yaxın raketi havadaca zərərsizləşdirib.
"Dəmir Qübbə", İsrailin yaşayış məntəqələrini Livanın cənubundan və Qəzzadan öz sərhədlərinə atılan qısa mənzilli, nisbətən aşağı texnologiyalı raketlərdən qorumaq üçün istifadə etdiyi hava hücumundan müdafiə sistemi kimi diqqəti çəkir.
Moşe Patel bildirib ki, bu sistem digər uzun mənzilli sistemlərlə, xüsusilə "Davids Sling", "Arrow-2" və "Arrow-3" ilə inteqrasiya olunub.
Patel, "Bütün sistemlərimiz qarşılıqlı fəaliyyət göstərməlidir. Kütləvi hücumlara hazır olmalıyıq. Biz müşahidə edirik, proqnozlaşdırır və onların qurduqlarını qabaqlamağa çalışırıq və bunun sayəsində indiyədək ancaq uğur qazanmışıq" deyib.