Əvvəlki dövrlərlə müqayisədə, indi müəllimlərə hörmət çox aşağı səviyyədədir.
Bu fikirləri hafta.az-a əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
“Bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək, müəllimini gözdən salmaq kifayətdir. İndi bizdə bu proseslər gedir. Mən İkinci Dünya Müharibəsindən sonra orta məktəbə getmiş bir insanam. O zamanlar müəllimin hörməti çox yüksək idi.
Məsələn, hansısa rayonun birinci katibinin oğlu məktəbdə hansısa səhvi olardısa, birinci katib müəllimi yanına çağırmazdı, özü gedərdi müəllimin ayağına. İndi vəziyyət tamamilə dəyişib, təhsili məhv etməyə çalışırlar. Təhsil nədir? Təhsil müəllim və şagirddir. Müəllimi hörmətdən salmaq təhsili məhv etmək deməkdir. Bu gün həm də təhsilin idarəedilməsində, təhsilin məzmununda ciddi qüsurlar var. Təhsil kollegial idarə olunmalıdır. Əgər bir firmanı tək əllə idarə edirsənsə, təhsillə mədəniyyətdə bu keçmir. Çünki bu sahələr o qədər mürəkkəbdir ki, onu bir adamın idarə etməyə gücü çatmaz. Təhsildə vacib amil müəllimdir. Bilik ondan uşağa gedir. Direktordan, nazirdən və ya nazir müavinindən getmir. Onlar hamısı müəllimə qulluq etməlidirlər. Biz o məqama çatanda təhsilimiz düzələcək. Səhv bu prosesin fəlsəfəsindədir”.