"The Beatles" pərəstişkarları üçün sürpriz

09:05 12.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"The Beatles" qrupu Londonun Sevil-Rou küçəsində yerləşən tarixi malikanəni öz yaradıcılığına həsr olunmuş böyük muzeyə çevirməyə hazırlaşır.

Hafta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, "The Beatles Sevil-Rou, 3" adlı muzeyin 2027-ci ildə ziyarətçilərin istifadəsinə verilməsi planlaşdırılır. Biletlərin satışı üçün qeydiyyat prosesinə bugündən etibarən qrupun rəsmi saytında başlanılıb.

Sevil-Rou, 3 ünvanında yerləşən bina 1969-cu ildən etibarən musiqiçilər tərəfindən təsis olunan "Apple" şirkətinin qərargahı kimi fəaliyyət göstərib. Malikanənin zirzəmisində səsyazma studiyası yerləşib. Qrupun "Let It Be" adlı 12-ci və sonuncu albomu məhz burada lentə alınıb. Həmçinin 1969-cu ilin yanvarında musiqiçilər bu binanın damında sonuncu kütləvi konsertlərini veriblər.

Ser Pol Makkartni belə bir məkanın yaradılması ideyasını bu formada izah edib:

"İngiltərəyə gələn turistlər Ebbi-Roua getsələr də, oranın daxilinə girə bilmirlər. Nəticədə küçədə dayanaraq həm avtomobillərin hərəkətinə mane olur, həm də sürücüləri narahat edirlər. Buna görə düşündüm ki, bu, olduqca maraqlı ideya ola bilər".

Muzeydə ekskursiyalar binanın zirzəmisindən, bərpa edilmiş köhnə studiyadan başlayacaq. Pol Makkartni deyib ki, gələnlər yuxarı qalxdıqca müxtəlif dövrlərdə baş vermiş hadisələrin şahidi olacaq:

"Sonda isə dama çıxaraq özünüzü "The Beatles"ın bir üzvü kimi hiss edirsiniz".

Bundan əlavə, binada xatirə hədiyyələri mağazası da fəaliyyət göstərəcək.