Krım Tatar Milli Məclisinin (KTMM) rəhbəri Refat Çubarov sosial mediada Rusiyanın işğalı altında olan Krımda yaşayan tatarların evlərində son zamanlar axtarış və basqınların artdığını açıqlayıb. Çubarov bildirib ki, Rusiya təhlükəsizlik qüvvələri bu əməliyyatlar zamanı "profilaktik müsahibələr" adı altında təzyiq göstərir.
Hafta.az yazır ki, Krım tatar evlərində axtarışların artması işğal altında olan Krımda yanacaq, elektrik və su böhranlarının dərinləşməsinin nəticəsidir. İşğalçı qüvvələr bu basqınlar zamanı sözdə "profilaktik müsahibələr" aparırlar. Əsl məqsəd təkcə bu evlərdə yaşayanları deyil, bütün Krım tatar əhalisini qorxutmaqdır. Çubarov Krım tatarlarını Rusiya işğal administrasiyası tərəfindən həyata keçirilən təzyiq və təqibləri ictimailəşdirməyə çağırıb.
Çubarov bildirib ki, "Rus işğal administrasiyası tərəfindən hər cür təzyiqə məruz qalan soydaşlarımızdan bu hadisələri gizlətməmələrini xahiş edirik. Ortaya çıxan hər bir təzyiq hadisəsi işğal rejiminin cinayətkar siyasətinin sübutu kimi xidmət edir və hədəfə alınanların qorunmasına da töhfə verir".
Bu arada, bildirilir ki, son bir həftə ərzində işğal olunmuş Krımda Rusiya hakimiyyəti yerli əhaliyə qarşı "terrorizmi açıq şəkildə legitimləşdirmək", "dövlətə xəyanət" və "Rusiya hərbi qələbəsinin simvollarını təhqir etmək" ittihamları ilə yeni cinayət işləri açıb.