“Türk dillərinin funksional sintaksisi” kitabı nəşr edilib

15:06 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi “Türk dillərinin funksional sintaksisi” adlı kollektiv monoqrafiya nəşr etdirib.

Hafta.az xəbər verir ki, İnstitutun məlumatına görə, kitabın elmi redaktorları professor Nadir Məmmədli, professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Baba Məhərrəmli, dosent Şəkər Orucova və filologiya üzrə fəlsəfə doktoru Dilbər Camalidir.

Monoqrafiyada türk dillərinin funksional sintaksisinin nəzəri və praktik məsələləri araşdırılır, müxtəlif türk dillərinin sintaktik xüsusiyyətləri funksional yanaşma əsasında təhlil edilir. Nəşrdə türk dillərində sintaktik əlaqələrin, ismi və feili birləşmələrin, sadə və mürəkkəb cümlələrin, mətnin funksionallığı geniş şəkildə araşdırılır. Türk dillərində sintaktik norma və diskurs hissələri funksional sintaksisin nəzəri bazasının zənginləşdirilməsi baxımından maraq doğurur.

Akademik nəşrdə professor İsmayıl Kazımov, filologiya elmləri doktorları Şəbnəm Həsənli Qəribova, Qətibə Mahmudova, Qətibə Quliyeva, dosentlər Şəkər Orucova, Təranə Şükürlü, Elnarə Əliyeva, İmanyar Quliyev, Günel Hüseynova, filologiya üzrə fəlsəfə doktorları Dilbər Camali və Arzu İsgəndərzadənin müəllifi olduqları bölmələr yer alıb

Əsərdən dilçi-alimlər, doktorantlar, türkoloji dilçilikdə türk dillərinin sintaksisi ilə məşğul olan hər kəs istifadə edə bilər.

Funksional morfologiya və funksional sintaksis qrammatikanın xüsusi növüdür. Xatırladaq ki, 2024-cü ildə “Türk dillərinin funksional morfologiyası” nəşr olunub.