BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

13:27 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Strateji menecment” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

Hafta.az xəbər verir ki, BDU-nun məlumatına görə, “Strateji menecment” ixtisaslaşması təşkilatların uzunmüddətli inkişaf strategiyalarının hazırlanması, rəqabət üstünlüklərinin formalaşdırılması, innovativ idarəetmə yanaşmalarının tətbiqi və bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.

Tədris proqramı çərçivəsində tələbələr strateji planlaşdırma, korporativ idarəetmə, liderlik, təşkilati inkişaf, risklərin idarə olunması, innovasiya menecmenti, biznes strategiyalarının hazırlanması və icrası, layihələrin strateji idarə olunması, qərarqəbuletmə mexanizmləri, dəyişikliklərin idarə edilməsi, rəqabət strategiyaları, insan resurslarının strateji idarə edilməsi, maliyyə strategiyası və rəqəmsal transformasiya sahələrində nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnəcəklər.

İxtisaslaşmanın əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatların inkişafına töhfə verə biləcək, strateji düşüncə tərzinə, analitik yanaşmaya və liderlik bacarıqlarına malik peşəkar menecerlər hazırlamaqdır.

Bu ixtisaslaşmanın məzunları dövlət qurumlarında, özəl şirkətlərdə, beynəlxalq təşkilatlarda, maliyyə və konsaltinq sektorunda, müxtəlif biznes strukturlarında strateji inkişaf, idarəetmə və rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşmanın ölkədə müasir idarəetmə mədəniyyətinin formalaşmasında, təşkilatların rəqabət qabiliyyətinin artırılmasında və strateji idarəetmə sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsində mühüm rol oynayacağı gözlənilir.