ABŞ İrana zərbələri başa çatdırıb

10:25 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki hədəflərə endirilən zərbələrin başa çatdığını elan edib. Hücum zamanı onlarla obyekt məhv edilib.

Hafta.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" hesabında məlumat verilib.

Qeyd olunub ki, mərkəzi komandanlıq yüksəkdəqiqlikli döyüş sursatlarından istifadə edərək bir neçə məkanda onlarla hədəfi vurmaqla İrana qarşı yeni hücum dalğasını bitirib. Əsas məqsəd İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücum etmək imkanlarını zəiflətməkdir.

Vurğulanır ki, ABŞ hərbçiləri qırıcı təyyarələr, gəmilər və pilotsuz uçuş aparatları vasitəsilə İslam Respublikasının hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və katerlərini hədəf alıb.

Mərkəzi Komandanlığın (CENTCOM) digər bir açıqlamasına əsasən, ABŞ hərbçiləri İrana qarşı əməliyyatlarda ilk dəfə olaraq zərbə endirən dəniz dronlarından istifadə ediblər. Bu silahların tətbiq miqyası və zərbələrin effektivliyi barədə hələlik əlavə məlumat verilmir.

Həmçinin, CENTCOM İranın Hörmüz boğazına nəzarət etmədiyi barədə iddialarını yenidən səsləndirib.