"Türk dövlətləri regionun yeni iqtisadi xəritəsi cızmaqdadır" - Vüqar Bayramov

14:00 15.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi iqtisadi baxımdan böyük üstünlüklər vəd edir. Çünki institutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik qurumdur".
Hafta.az-ın yazdığına görə, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. İqtisadçı millət vəkili qeyd edib ki, birincisi, beynəlxalq praktikada şuralar adətən liderlərin, hökumət başçıların (məsələn, dövlət başçılarının şurası və sair) və ya müəyyən kateqoriya insanların cəmləşdiyi (məsələn, tələbə şurası, şəhər şurası və sair) komitələr kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur.
"İkincisi, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirməsi mümkündür. 1,2 tirlyon nominal ÜDM-ə malik olan türk dünyası yeni regional əməkdaşlıq modelidir. Bu baxımdan, kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür" deyən V.Bayramov əlavə edib ki, bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.
"Nəhayət, bu daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Bu isə o deməkdir ki, regionun yeni iqtisadi xəritəsi cızılmaqdadır", - millət vəkili fikrini tamamlayıb.