10 noyabr bəyanatı tarixi diplomatik qələbə sənədidir - Açıqlama

15:35 11.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

XXI əsrdə müharibə aparmaq çox çətin, hətta imkansıza bərabər bir şeydir. Biz bunu 44 günlük müharibə gedişində bir daha əyani surətdə gördük.

Bu fikirləri hafta.az-a 10 noyabrda imzalanmış  üçtərəfli bəyanatın bir ilinin tamam olması ilə bağlı mövcud durumu şərh edən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, qəribədir, müstəqilliyimizi, ərazi bütövlüyümüzü tanıdığını dəfələrlə bəyan edən ölkələr müharibə zamanı israrla atəşkəs çağırışı edir, bu da azmış kimi, ölkəmizə qarşı təzyiq etməkdən geri durmurdu:

“Xüsusilə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Bununla belə, Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirərək, bütün təzyiqlərə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Nəticədə rəşadətli Ordumuz, qəhrəman xalqımız və onun Müzəffər Ali Baş Komandanı ildırımsürətli müharibəni 44 günə, düşmənə göz açmağa imkan vermədən tarixi qələbə ilə başa çatdırdı.

Ermənistan 44 günlük müharibənin ilk günlərindən bu müharibəni Aprel döyüşləri və ya Günnut əməliyyatları kimi qısa olacağını, Rusiyanın prosesə müdaxilə edərək tərəfləri yenə atəşkəs adı altında, masa arxasına oturdacağını düşünürdü. Rəsmi İrəvan müharibənin ilk günlərindən olduğu kimi bu düşüncədə də yanıldı. Azərbaycanın dayanmaq niyyəti yox idi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bunu anladıqda iş-işdən çoxdan keçmişdi. Məsələ ondadır ki, o, müharibəni dayandırmaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə bir neçə dəfə müraciət etmişdi. Putin də öz növbəsində, müharibənin dayandırılması üçün təkliflər irəli sürmüş, hətta Rusiya sülhməramlılarının regiona gəlməsini təklif etmişdi. Lakin ölkə başçısı yaxşı anlayırdı ki, bir də belə ideal fürsət ələ keçməyəcək. Bilirdi ki, bütün təzyiqlərə baxmayaraq Ermənistanı dəstəkləyən ölkələr imdadına yetişə bilməyəcək.

Nəticədə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları 10 Noyabr bəyanatı mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.

İkinci Dünya müharibəsinin sonunda nasist Almaniyasının rəhbəri Adolf Hitler, yapon imperatoru Hiroito, Faşist İtaliyanın rəhbəri Benito Musolini də Nikol Paşinyan kimi kapitulyasiya aktı imzalamışdı. Həmin kapitulyasiya aktlarına baxdıqda da 10 noyabr bəyanatı ilə bənzərlik açıqca görünür. Bu mənada döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu.

10 Noyabr bəyanatının 12 may 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinə bənzədilməsi doğru deyil. 10 Noyabr bəyanatını kapitulyasiya aktı edən başlıca məqam bəyanatda Ermənistanın öz üzərinə öhdəlik götürməsidir. Misal üçün, Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları bəyanata uyğun olaraq bir güllə belə atılmadan işğaldan azad edildi. Qeyd edilən ərazilərin bir güllə belə atılmadan bəyanata uğun olaraq işğaldan azad edilməsi diplomatik qələbədir. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürüb. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu gün də bu dəhlizin yaradılması üçün ciddi işlər gedir. Zəngəzur dəhlizi regionda aparılan 200 illik siyasətin fiaskoya uğraması deməkdir. Bu dəhliz Anadolu türkləri ilə Qafqaz, Mərkəzi Asiya türklərinin tək yol ilə gediş-gəlişini təmin edəcək. Yəni türk dünyasını bir-birinə qovuşduracaq. Zəngəzur dəhlizi ilə bağlı müddəa 27 illik danışıqlar prosesin müzakirə mövzusu olmayıb. Zəngəzur dəhlizi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə son anda 10 noyabr bəyanatına daxil edilib. Bu mənada deyə bilərik ki, 10 noyabr bəyanatı Ermənistan üçün kapitulyasiya aktı, Azərbaycan üçün isə tarixi diplomatik qələbə sənədidir”.