2011-2020-ci illər arasında iqlim dəyişikliyi və bunun nəticəsində baş vermiş ekstremal təbii hadisələr haqqında məlumatları özündə əks etdirən hesabat WMO tərəfindən dərc edilib.
Hafta.az-ın yazdığına görə, Dubayda davam edən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 28-ci Tərəflər Konfransı (COP28) çərçivəsində dərc edilən hesabatda qlobal temperatur artımını məhdudlaşdırmağa çalışmağın daha çətin olduğu bildirilir.
Hesabatda 2011-2020-ci illər arasında iqlim dəyişikliyinin təsirlərinin həyəcanverici sürətlə artdığı və bu tarixlərdə "ən isti 10 il"in qeydə alındığı bildirilib.
Eyni zamanda, hesabatda 2011-2020-ci illər üçün qlobal orta temperaturun 1850-1900-cü illərin orta göstəricisindən 1,10 dərəcə yüksək olduğu qeyd edilib və dünyada qeydə alınan ən isti altı ilin 2015-2020-ci illər arasında baş verdiyi bildirilib.
El Nino hava fenomeninin təsiri ilə bu prosesdə ən isti iki ilin 2016 və 2020-ci illər olduğu bildirilib.
İstixana qazlarının konsentrasiyalarının davamlı artmasının quruda və okeanlarda temperaturun rekord həddə yüksəlməsinə, eləcə də buzların əriməsi nəticəsində dəniz səviyyəsinin kəskin artmasına səbəb olduğu vurğulanıb.
Bildirilib ki, 2011-2020-ci illərdə dəniz səviyyəsi hər il 4,5 millimetr yüksəldiyi halda, 2001-2010-cu illərdə bu göstərici 2,9 millimetr olaraq qeydə alınıb.
Hesabatda xüsusilə qütb bölgələrində və yüksək dağlarda baş verən böyük transformasiya barədə xəbərdarlıq edilir: "Buzlaqlar ildə təxminən 1 metr nazikləşir. Bu görünməmiş itkidir və milyonlarla insanın su ehtiyatlarına uzunmüddətli təsir göstərir".
Antarktidadakı kontinental buz təbəqəsinin 2001-2010-cu illərlə müqayisədə 2011-2020-ci illər arasında demək olar ki, 75 faiz daha çox buz itirdiyi vurğulanıb, bunun gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi baxımından narahatlıq doğuran bir hadisə olduğuna diqqət çəkib.
Qeyd edilib ki, Qrenlandiya və Antarktida 2011-2020-ci illər arasında 2001-2010-cu illərlə müqayisədə 38 faiz daha çox buz itirib.
Hesabatda son on ildə yaşanan ekstremal təbii hadisələrin xüsusilə ərzaq təhlükəsizliyi, yerdəyişmə və miqrasiyaya dağıdıcı təsir göstərdiyi, milli inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləməyə mane olduğu sənədləşdirilib.
"Proqnozlar, erkən xəbərdarlıqlar və koordinasiya edilmiş fəlakətlərin idarə edilməsi cavab tədbirlərinin təkmilləşdirilməsində mühüm rol oynadı. İqtisadi itkilər artsa da, təkmil erkən xəbərdarlıq sistemləri ilə birlikdə ekstremal hadisələrdən ölənlərin sayı azalıb" deyilən hesabatda 2011-2020-ci illər arasında dövlət və özəl iqlim maliyyələşdirməsinin iki dəfə artdığı, lakin iqlim hədəflərinə nail olmaq üçün 2030-cu ilin sonuna qədər ən azı 7 dəfə artmalı olduğu vurğulanıb.
Ekstremal hava və iqlim hadisələri nəticəsində yaranan iqtisadi itkilərin artmaqda davam etdiyi bildirilən hesabatda 2005-ci ildə ABŞ-da baş verən Katrina qasırğasının dünyanın ən bahalı hava fəlakəti olduğu xatırladılıb.
Bildirilib ki, Antarktida üzərində ozon dəliyinin eninin 2011-2020-ci illərdə əvvəlki 20 illə müqayisədə daha kiçik olması müsbət hal kimi qiymətləndirilib.
Hesabatda fikirləri yer alan WMO-nun baş katibi Petteri Taalas, "1990-cı illərdən bu yana hər onillik əvvəlkindən daha isti keçdi. Bu tendensiyanın dərhal tərsinə dönəcəyinə dair heç bir əlamət görmürük" deyib.
Əriyən buzlaqları və buz təbəqələrini xilas edə bilmədiklərini ifadə edən Taalas, "Bu vəziyyət açıq şəkildə istixana qazı emissiyalarından qaynaqlanır. İqlim dəyişikliyinin nəzarətdən çıxmasının qarşısını almaq üçün ilk növbədə istixana qazı emissiyalarını azaltmalıyıq. Hava şəraitimiz getdikcə ekstremal xarakter alır və bu, sosial-iqtisadi inkişafa açıq və əyani təsir göstərir. Quraqlıqlar, istilik dalğaları, daşqınlar, tropik siklonlar və meşə yanğınları infrastruktura ziyan vurur, kənd təsərrüfatı bitkilərini, suyu məhv edir. Çoxsaylı araşdırmalar göstərir ki, son on ildə xüsusilə intensiv istilik riski əhəmiyyətli dərəcədə artıb" deyə xəbərdarlıq edib.