Düşmənlə savaşıb sağ-salamat evinə qayıdan Vətən Müharibəsi iştirakçısı niyə intihara əl atsın? Niyə qələbənin qüruru ilə yaşamaq istəməsin? O Vətən qazisi ki, torpaqların düşməndən azad olunması uğrunda canını, qanını fəda edib. Bu igidi düşmən üzərində qələbədən sonra kimlər qəzəbləndirə, sarsıda bilər? Nədir çözülməyən düyün, həll edilməyən çətinlik?! Səbəblərini qazilərin özlərindən eşidib biləcəksiniz...
Sosial şəbəkələrdə, müxtəlif media seqmentlərində gedən xəbərlərdə müharibədə iştirak edən, döyüşən qazilərimizə əlilliyin verilməsi, onların sosial-məişət problemləri, xüsusilə də sağlamlığı ilə bağlı müəyyən çətinliklərlə üzləşdiyi yazılır. Eləcə də şəhid ailələri ilə bağlı həllini gözləyən nöqsanlar mövcuddur ki, hələ də çözülür.
Bu gün Vətən Müharibəsi iştirakçısı, qazi Anar Rais oğlu Həsənov da üzləşdiyi məişət problemlərinə görə intihara əl atıb. Ən qəbul olunmayan məqam isə qazinin əvvəllər işlədiyi müəssisə tərəfindən 2400 manat borca görə məhkəməyə verilməsidir. Həmin
“Kontakt home” mağazasıdır ki, qazimiz onun rəhbərlərindən birinin deputat Elnur Allahverdiyev olduğunu deyir. 2400 manatı ödəyib qazinin borcunu silməsi bu deputat üçün beləmi çətindir?! Bəlkə də səsini eşidib, dərdini dinləsəydi, bunu edərdi. Qazimiz deyir ki, məsələ ilə bağlı deputatla heç bir telefon əlaqəsi yarada bilməyib. Rəsmi instaqram səhifəsinə yazsa da, ona cavab gəlməyib.
Hafta.az olaraq, deputatın köməkçisi ilə əlaqə qurduq. Deputat köməkçisi bildirdi ki, Elnur Allahverdiyev hələ 2020-ci ildən “Kontakt home”dən uzaqlaşıb, hazırda heç bir əlaqəsi yoxdur. Köməkçi buna baxmayaraq, qazimizin problemləri ilə maraqlanacaqlarını deyərək, onun şəxsiyyət vəsiqəsinin surətini istədi. Ümid edirik ki, yaxın zamanlarda yardımlarını görəcəyik.
Qeyd edək ki, Qazi Anar Həsənov II Qarabağ savaşına Ağdaş Rayon Hərbi Komissarlığından qatılıb. 32 yaşı var, ailəlidir, iki övladı var. Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qubadlının Xanlıq kəndində ermənilərin minaatanlardan atdığı mərmi partlaması nəticəsində yaralanıb və müxtəlif xəsarətlər alıb. Sağ qulağı tamamilə eşitmir, hepatit C, ağ ciyər xəstəliklərindən müalicə olunur. Yaralanana qədər özünün dediyi kimi, can-başla döyüşüb. Anar Həsənov Allaha şükür edir ki, keçdiyi döyüş yolu, hərbi qulluqla bağlı heç bir problemi olmayıb:
“Sağ olsun xalqımız, dövlətimiz, vətənpərvər insanlar bizi müharibədə tək qoymadılar. Bu gün də diqqətdənkənarda saxlamırlar. Amma bəzi məmurlar tərəfindən çox incidilirəm. Bir neçə silah yoldaşım var ki, onlar da mənim kimi problemlərlə üzləşir. Məsələn, mən Ağdaş rayonunun Mərkəzi Xəstəxanasından sənəd almağa getmişdim. Orada Nuru Nuriyev adlı bir həkim var, özü də Zəngilan rayonundandır. Onun yanına “forma 88” almağa getmişdim. Məni çox kobud qarşıladı, təhqir elədi. Mən də özümdən çıxdım. O öz təhqirləri ilə məni intihar həddinə çatdırdı. İş prokurorluğa gedib çıxsa da, məsələ ilə bağlı heç bir cinayət işi açılmadı. Qəbul etmədiyim məsələ odur ki, nəyə görə bu həkim hələ də öz vəzifəsində qalır? Həmin o Nuru Nuriyevin iki oğlu olsa da, heç biri döyüşə getməyib. Mən onun rayonu, bəlkə də kəndi üçün döyüşmüşəm. Döyüşdən qayıdandan sonra onun məni belə hala salmağa nə haqqı var? Prezidentin, Ali Baş Komandanın belə bir sərəncamı var idi ki, müharibə iştirakçılarımız, qazilərimiz, əlillərimiz heç bir məmur tərəfindən incidilməsin”.

Anar daha sonra deyir ki, bu gün bir problem də müharibədə iş qabiliyyətini itirməsi ilə bağlı yaranıb. Müharibədən əvvəl işləyib, normal həyat tərzi olub. Üstəlik, müharibədən əvvəl yenicə yarımçıq tikib köçdüyü evə “Kontakt home” mağazasından ev əşyaları alıbmış:
“Mən də çoxları kimi müharibə başlayanda könüllü olaraq Vətən üçün döyüşə qatıldım. Başqa nə üçün ola bilərdi ki? Heç kəs məni məcburi döyüşə aparmayıb. Bizim Hərbi Komissarlıqla da maraqlansanız bilərsiniz ki, mən o müharibəyə hansı dava-qırğınla getmişəm! Çox istərdim şəhid olum, amma qismətimdə qazi olmaq varmış. Bu gün demirəm ki, kimlərsə mənə nəsə etsin, gətirsin versin. Onların mənə borcları yoxdur. Sadəcə ən azı, hörmət qoymalıdırlar”.
Anar Həsənov deyir ki, müharibədən əvvəl təzə tikdiyi evə köçəndə ev əşyalarını kreditlə alarkən iki adamın da adına kredit götürməli olub. Biri qohumunun adınadır. Onu özünün dili ilə desək, birtəhər ödəyir, amma öz adına olanı ödəyə bilmir. Qazimizin ailəsində 6 nəfər var: iki övladı, həyat yoldaşı, ata-anası. Anası evlərdə təmizlikçi işləyir. Evi dolandıran da odur.
“Buna görə “Kontakt home” məni məhkəməyə verib. Məhkəmə çağırıb barəmdə qərar çıxaracaq, Onları başa sala bilmirəm ki, hazırda adım işdə gedir, amma buna görə maaş almıram. Sadəcə özüm işə çıxmıram, psixoloji problemlər yaşayıram. Bunu həkimlər bilir. Türkiyədən gələn 20-yə yaxın könüllü həkim heyətinin komissiyalarından da keçmişəm. Onlar da mənə “ağır kontuziya” diaqnozu qoyublar. Vəziyyət budur. Məmurlar məni son həddə çatdırıb.
Götürək elə “Kontakt home”nin rəhbərliyini, o da zəngilanlıdır. Neçə dəfələrlə bildirmişəm ki, işləmirəm, müdiriyyətimlə maraqlanın. Mənə deyirlər, necə olur ki, adın işdə gedir, niyə maaş almırsan? Deyirəm, qardaş, Prezidentin sərəncamı ilə heç bir idarə heç bir müharibə iştirakçısını işdən çıxarmır, bu da çıxarmır. Deyir, sağal gəl, işlə. Mənim də işim satıcılıqdır. Bilirəm ki, mən müştərilərlə işləyirəm, birdən aqressiv davranaram, mağazanın imicinə ziyan gətirə bilərəm. Üstəlik, ağ ciyərimdən, qaraciyərimdən müalicə alıram. Müalicəyə görə YAŞAT Fonduna müraciət elədik, sağ olsunlar, bir dəfə yardım elədilər. Keçən ayın 26-da “Cəsur döyüşçü” medalı bizə təqdim olunanda dedilər ki, iyul-avqust aylarında yenə müalicə ilə bağlı sizə ödəniş olunmalıdır. Hələlik müraciət eləməmişəm. Gözləyirəm, bir müddət keçsin, sonra müraciət edim. Borc yiyələrindən məni hədələyənlər var, qapıma gələnlər var. Mən də bu vəziyyətdə heç nə edə bilmirəm. Kiminsə borcu deyil ki, mənə nəsə eləsin, sadəcə insan var, başa düşür, gözləyir, insan da var ki, gözləmir. Hər şey üst-üstə gələndə də əl ətəkdən üzülür”...
Ümid edirik, qazimizin üzləşdiyi bu problemlər tezliklə həllini tapacaq.