27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə təhsil naziri Emin Əmrullayev tərəfindən müvafiq əmr imzalanıb. Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Nazirin əmrinə əsasən, təhsil müəssisələrində konfransların, seminarların, mühazirələrin, "dəyirmi masa"ların, vebinarların, ədəbi-bədii kompozisiyaların, foto və rəsm sərgilərinin təşkili; “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması; şagird və tələbələrin Vətən müharibəsi Memorial Kompleksinə və Zəfər Muzeyinə ekskursiyalarının təşkili; şəhidlərin anım günlərinin keçirilməsi, videobülletenlərin hazırlanması; yaradıcılıq müsabiqələrinin və intellektual oyunların təşkili; "açıq dərs"lərin, rəqs festivalının, şahmat turnirinin və idman yarışlarının keçirilməsi nəzərdə tutulur.