3 gün sonranı hesablaya bilməyən hökumətimiz var idi - Mirmahmud Mirəlioğlu

20:35 01.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Klassik Azərbaycan Xalq Cəbhəsinin sədri, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu hafta.az əməkdaşı ilə söhbətində ötən il keçirdiyi ağır xəstəlikdən sonra sağlamlığının durumundan, rəhbəri olduğu partiyanın qeydiyyatı ilə bağlı proseslərdən, 32 il öncə - 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannaməni qəbul etməsindəki iştirakından, o dövrdəki ictimai-siyasi əhval-ruhiyyədən, 1991-ci ildə çökən Rusiya-Sovet imperiyasının vəziyyəti  ilə hazırda yenə də işğalçılıq siyasətini davam etdirən Rusiyanın durumunun müqayisəsindən danışdı, bu gün Qarabağ ətrafında baş verənıərə və Ermənistanla, eləcə də Rusiya “sülhməramlı”larıyla  bağlı proseslərə münasibətini bildirdi.

-Mirmahmud bəy, Allah bir daha elə günləri qaytarmasın, təxminən bir il oncə xəstəxanaya yerləşdirilmişdiniz. Hazırda səhhətiniz normaldı, deyəsən, Allaha şükürlər olsun...

-Allaha şükür ki, sağlamlığım bərpa olunur, həkimlərin nəzarətindəyəm. Müalicə də davam edir, inşallah, hər şe yaxşı olmalıdır. Yəqin ki, növbəti yoxlamalar da olacaq. Bu bir az uzun sürən bərpadır. Yəni insultun fəsadları böyük olur və uzun çəkir. İnşallah, yaxşı olarıq, Allah bütün xəstələrə şəfa versin.  Bir neçə aydır ki, heç bir media qurumuna müsahibə verməmişəm. Bu son müddət ərzində ilk müsahibədir ki, sizin sayta verirəm...

-Partiyanızın qeydiyyatı ilə bağlı proseslər necə gedir?

-Demək olar ki, bütün partiyalarda qeydiyyat məsələsi eyni yerdədir. Hətta YAP-da da oxşar proseslər yaşanır. Bütün lazımi sənədləri təqdim etmişik. Ədliyyə Nazirliyi tərəfindən iradlar bildirilib. Həmin iradlarla bağlı araşdırmalar aparılır. Dünyasını dəyişmiş partiya üzvləri dəqiqləşdirilərək təqdim olunmuş siyahıdan çıxarılıb və digər işlər görüldükdən sonra sənədləri növbəti dəfə təhvil vermişik. Nəticəni gözləyirik hamı kimi...

-İnşallah, uğurlar olsun. Bildiyiniz kimi, 30 avqust bütün Türk dünyası kimi,  Azərbaycan üçün də qardaş Türkiyənin Zəfər Bayramı, yəni 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan bir savaşın 30 avqustda Dumlupınarda qələbə ilə bitməsinin 101-ci ildönümü olmaqla yanaşı, daha bir tarixi günlə əlamətdardır... Düz 32 il öncə - 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul edib.. Həmin sənədin qəbulunda və ümumiyyətlə, Azərbaycan Respublikasının müstəqillik qazanmasında sizin də xeyli əməyiniz olub. O günləri necə xatırlayırsız?

-Şərəfli günlər idi. Bütövlükdə... O vaxt bizim payımıza parlamentdə olmaq düşmüşdü. Həmin bəyannamənin qəbulu az sonra -1991-ci il oktyabrın 18-də Müstəqillik haqda Konstitusiya Aktının qəbulu yolunda həlledici addımlardan biri idi.  Bu bəyannamə ilə, bu tarixi sənədlə biz dövlət olaraq kursumuzu müəyyənləşdirdik… Bizim də bir vətəndaş olaraq payımıza Azərbaycan milli azadlıq hərəkatında iştirak etmək və istiqlalçı millət vəkili olmaq düşdü. Şərəfli günlər idi… Müstəqillik uğrunda mübarizə aparanların hamısı bir arada idi. Hamının məqsədi eyni idi… Fəqət, təəssüflər olsun ki, ondan sonrakı dövlərdə ard-arda ayrılmalar, parçalanmalar, ümummilli faciələr, torpaq itkiləri yaşandı. Çox təəssüflər... Bütün bunlara rəğmən o günlər, ümumiyyətlə, 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri Azərbaycanın çağdaş  tarixinin ən şərəfli günləri olub...

Və təbii ki, 30 avqust tarixinin Azərbaycan üçün əlamətdarlığındən danışarkən eyni tarixin çağdaş dünyamızda, Türk dünyasında çox önəmli daha bir möhtəşəm olayla yaddaşlara həkk olunduğunu xatırlatmamaq mümkün deyil. Bu gün həm də Türkiyə Cümhuriyyətimizdə Zəfər bayramıdır – bu Türk dövlətinin işğalçı düşmənləri üzərində tarixi qələbəsinin 101-ci ildönümüdür. Bununla bağlı Türkiyədəki qardaşlarımızı da təbrik edirəm. Nə mutlu bizə ki, Allah qismət elədi, bu Qələbənin, bu Zəfərin 100-cü, 101-ci ildönümünü də yaşadıq...

-Bir az da geri qayıdaq. Parlamentimizdə bəhs edilən tarixi sənədin qəbulundan təxminən 10 gün öncə Moskvada məşhur “QKÇP” olayı baş verdi ki,  nəticədə SSRİ-ni mühafizə edib saxlamaq istəyən qüvvələr məğlub oldu. Bu da bir növ ölkədə demokratik prosesləri sürətləndirdi.  “QKÇP”dən təxminən 3 gün sonra AXC-nin Nərimanov heykəli yaxınlığındakı qərargahına hücum oldu. Səhv etmirəmsə, siz də xəsarət almışdınız, hə?

-Yox, mən xəsarət almamışdım. Həmin hücum ərəfəsində “Sovetski”də yerləşən həmin qərargahda idim. Ancaq son anda rəhbəri olduğum AXC Sumqayıt şöbəsində gözlənilən mitinqdən öncə hansısa təxribatların qarşısına almaq məqsədi ilə rəhbərliyin də razılığıyla Sumqayıta qayıdası oldum...

Həmin əcaib hadisələr o zamankı hökumətimizin yanlış siyasətinin nəticəsi idi... Bilirsiz ki, o vaxt SSRİ-də çox az müttəfiq respublika rəhbərliyi “QKÇP”-ni müdafiə etmişdi. Təəssüf ki, onlardan biri də Azərbaycan hökuməti idi. O zaman 3 gün sonra nə baş verəcəyini hesablaya bilməyən bir hökumətimiz var idi.  Bu cür yanlış siyasətin nəticəsi olaraq hökumətin həm o vaxtkı milisi, həm də mülki formada olan, ancaq rəhbərləri deputat mandatı daşıyan təşkilatlanmış qoçu dəstələri demokratik qüvvələrin qərargahına hücum etmişdi. Həmin hücum zamanı AXC sədri Əbülfəz Elçibəy və başqaları da yaralanmışdı... Zaman da göstərdi ki, Azərbaycan hökumətindən fərqli olaraq biz doğru yol tutmuşuq. Çünki Bakıda olduğu kimi, Moskvanın özündə də demokratik qüvvələr başda olmaqla əksəriyyət həmin “QKÇP”-ni tanımadı və SSRİ-nin saxlanmasına imkan vermədilər.  Bunun da nəticəsində az sonra SSRİ tarixin zibilliyinə gömüldü...

-O zaman SSRİ adlı Rusiya imperiyası çökmək üzrə idi və Azərbaycandakı hakimiyyətin buna mövqeyi, dediyiniz kimi, demokratik qüvvələr tərəfindən bəyənilmirdi. İndi də oxşar situasiya peyda olub.  Putin ordusunun Ukraynaya haqsız və amansız təcavüzündən sonra artıq Rusiyanın bütövlükdə məhv olması şansı yaranıb. Sizcə, Azərbaycan bu proseslərdə necə mövqe sərgiləməlidir?

-Bəli,hesab edirəm ki, müqayisəniz uyğundur. Vəziyyət o vaxtkına bənzərdir. Amma bir az həm də fərqli cəhətləri çoxdur. Fərq daha çox ondan ibarətdir ki, bu gün Rusiya artıq özbaşınalığını bütün dünyaya isbat etdi. Yəni əgər keçmişdə Rusiya imperiyası Çar Rusiyası və Sovet İttifaqı olaraq “xalqlar həbsxanası” kimi əsasən Qafqaz, Orta Asiya xalqları üçün öz əsl simasını göstərirdi. Bu gün isə birbaşa artıq müstəqil bir Avropa ölkəsi olan Ukraynaya təcavüz etməklə bütün dünyaya qarşı çıxan Rusiya öz çirkin mahiyyətini bütövlükdə bəşəriyyətə nümayiş etdirdi. Və yalnız bütün Qərb, bütün dünya daha qətiyyətli şəkildə Ukraynanın arxasında dayanacağı təqdirdə Rusiya daha tez bir zamanda bu savaşda məğlub edilə və tarix səhnəsindən bir imperiya olaraq silinə bilər. Bu mənada Azərbaycan birmənalı olaraq haqqın, ədalətin, yəni Ukrayna xalqının və dövlətinin yanında olmalıdır, Ukraynanı dəstəkləməlidir. Həm də ona görə ki, bu gün Ukrayna yalnız özünün müstəqilliyi, azadlığı, öz torpaqları, ərazi bütövlüyü uğrunda deyil, həm də Azərbaycan, Gürcüstan, Moldova, Orta Asiya və s. uğrunda, bütün insanlıq, dünya üçün, ümumbəşəri ədalət və demokratiya uğrunda döyüşür və savaşır. Əks arqument göstərənlər isə deyir ki, axı Azərbaycan Ukrayna deyil, görürsünüz, Ukraynanın bu qədər dəstəyi olmasına rəğmən müharibə hələ də uzanır və Azərbaycan Ukrayna kimi geniş imkanlara, böyük dəstəyə malik deyilik. Bu cür düşüncələrdə də müəyyən dərəcədə haqq payı var. Axı  Putin üçün Azərbaycan da, bütövlükdə Qafqaz da, ümumiyyətlə, keçmiş SSRİ və Çar Rusiyası əraziləri hamısı “tarixi Rusiya torpaqları” olduğundan işğal edilməlidir. Ancaq dünya siyasəti, beynəlxalq güclər bunu reallıq yox, bir xəstə təxəyyül kimi qəbul edir və Rusiya imperiyasını durdurmaq üçün mübarizə əzmindədir. Odur ki, bir daha təkrar edirəm: Azərbaycan birmənalı olaraq Ukraynanın yanında olmalı, eyni zamanda öz mübarizəsini də aparmalı, Rusiya ilə, onun hazırda Qarabağda – torpağımızda olan “sülhməramlı” adlanan hərbi qüvvələrinə qarşı konkret mövqe ortaya qoymalıdır...

- Yeri gəlmişkən, siz 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan az sonra Rusiya ordusunun “sülhməramlı” adı ilə Azərbaycana gətirilməsini doğru hesab etməmiş, bunu növbəti işğal saymışız. Artıq  artıq 3 ilə yaxın zaman keçir. Yenədə eyni fikirdə qalırsızmı?

-Bəli, yenə də eyni fikirdə qalırıq. Azərbaycan torpağına yeridilmiş Rusiya qoşunları sülhməramlı deyil, Rusiya hərbçisindən sülhməramlı ola bilməz. Xüsusilə də ermənipərəst rusdan, Azərbaycan torpaqlarını tarixən işğal etmiş və hazırda da bir hissəsini işğal altında saxlayan rusdan... Yaxşı ki, indi hökumətimiz o vaxt bizim dediyimiz istiqamətdə fəaliyyət göstərməyə  başlayıb. Amma hesab edirəm ki, müəyyən siyasi gedişlər redaktə olunmalıdır...

- Son təxminən bir aya yaxın dövrdə Ermənistanla sərhədimizdə yaradılmış “humanitar” yardım şousu və ümumiyyətlə, “əzabkeş erməni xalqı” obrazı yaradılmasına doğru aparan prosesləri necə şərh edərdiniz? İlk baxışdan elə təəssürat yaranır ki, erməniləri körükləyən əsasən Qərbdir, xüsusən Fransadır. Amma deyəsən, elə həmin “əzabkeş erməni”obrazını bərpa edən və altdan-altdan bu prsesi qızışdıran yenə də 3 ilə yaxən müddətdə, dediyiniz kimi, torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Rusiyadır. Siz necə düşünürsüz?

-Burada məsələ həm tarixi, həm də siyasi baxımdan  izah olunmalıdır. Və 44 günlük savaşda olduğu kimi, siyasi iradə diqtə olunmalı və müntəzəm olaraq davam etməlidir. İstər ermənilərin Qərbdə olan havadarları, istərsə də onun arxasında duran Rusiyanın rolu bütün bu məsələlərdə hər kəsə bəllidir. Son baş verənlərlə bağlı da Azərbaycan öz qəti və birmənalı mövqeyini ortaya qoymalıdır; “mən müstəqil dövlətəm, belə istəyirəm, belə də olmalıdır, mən sənə diqtə edirəm ki, yalnız Bərdə-Ağdam-Xankəndi yolu ilə ərzaq və digər yüklər daşınmasına icazə verirəm”. Necə olur ki, Rusiya 2020-ci ilin noyabrın 10-dan sonra ərazimizə daxil olanda öz istədiyi yolla ərazimizə soxuldu və istədiyi yerlərdə yerləşdi? Və bu gün Xankəndində Azərbaycanın bayrağı yox,  iki yad ölkənin: Rusiya və Ermənistanın bayrağı, bir də qondarma qurumun əski parçası dalğalanır... Odur ki, biz kimin kimin havadarı olmasından asılı olmayaraq öz torpağımızın sahibi olmalıyıq, bayrağımıza, milətimizə, dövlətimizə, insanımıza, şəhidimizə sahib durmalıyıq... 

“Əzabkeş erməni” obrazını kim yaradır, qoy getsin yaratsın. Rəssamları portret yaratsınlar, yazıçıları obraz yaratsınlar, siyasətçiləri nə istəyirlər etsinlər. Azərbaycanda “əzabkeş erməni” obrazına inanan adamın qanından şübhəmiz olmalıdır. Ermənidən əzabkeş olmaz. Ermənidən dost olmaz.  Erməni düşməndir.  Amma əlbəttə, bu yalançı əzabkeşlərin arxasında dünyanın müəyyən hissəsi duracaq, Rusiya da duracaq, Fransa da duracaq. Və əslində bu “əzabkeş erməni” obrazı bizi aldatmaq, bizi ürəyi yumşaq etmək, bizi uduzdurmaqdan ötrüdür. Və biz buna inanacağıqsa, elə qəhr olsaq, yaxşıdır...