62 il sonra yenidən təklif: "Kubada nüvə silahı yerləşdirək"

10:00 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı deputat Aleksey Juravlev ölkəsinin nüvə silahlarını Kuba və Nikaraqua kimi “dost ölkələrdə” yerləşdirməli olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, Juravlevin bəyanatı ABŞ-ın Böyük Britaniyada nüvə silahı yerləşdirməyi nəzərdən keçirdiyi iddialarından sonra verilib.

“The Telegraph” qəzeti dərc etdiyi xəbərdə iddia edib ki, ABŞ Rusiyanın təhlükəsinə qarşı çıxmaq üçün 15 ildən sonra adaya nüvə silahı göndərməyi düşünür.

“Rodina” (Vətən) Partiyasının lideri və Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini Juravlev Telegram hesabında verdiyi açıqlamada Britaniyanın artıq öz nüvə silahına malik olduğunu və ABŞ-ın bəzi Avropa ölkələrində nüvə arsenallarını yerləşdirdiyini bildirib.

"Ona görə də Böyük Britaniyaya göndərilən əlavə nüvə silahları, yəqin ki, hərbi və siyasi vəziyyətə təsir etməyəcək", - Juravlev bildirib.

Rusiya nümayəndəsi deyib: “Bununla belə, Moskva Kuba, Venesuela və Nikaraqua kimi dost ölkələrdə nüvə silahı yerləşdirməyi düşünməlidir”.

Juravlev açıqlamasında 1962-ci ildə Kuba raket böhranının böyük gərginlik yaratdığını etiraf edib.

1962-ci ilin oktyabrında ABŞ administrasiyası Türkiyə və İtaliyaya nüvə başlıqlı raketlər yerləşdirdi. Moskva da buna cavab olaraq Kubada nüvə cəbbəxanası yaratdı.

Vaşinqton Kubada nüvə raket qurğusunun tikildiyini başa düşdükdən sonra ABŞ gəmiləri Kubanı mühasirəyə aldı və bu gün “Soyuq Müharibə”nin zirvəsi kimi xatırlanan gərginliyi alovlandırdı.

ABŞ və Sovet İttifaqı administrasiyaları Türkiyə və Kubadakı nüvə silahlarının təxminən iki həftə ərzində çıxarılması barədə razılığa gəldikdən sonra münasibətlərdə yumşalma dövrü başladı.