2021-2022-ci tədris ilinin payız semestri üzrə 97 ailənin 2 və daha çox üzvünə təhsil tələbə krediti verilib. Belə ki, 1 ailənin 3 övladı, 96 ailənin isə 2 övladı eyni vaxtda kredit alıb.
Hafta.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabatı təqdim edərkən deyib.
O bildirib ki, 2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti ilə bağlı 5 min 678 müraciət daxil olub. Müraciətlərin 63 faizi (3590) yekunlaşdırılıb, 2 min 88 müraciət isə yekunlaşdırılmayıb. Yekunlaşdırılmamış müraciətlərin statistikasına əsasən, 2 min 88 müraciətdən 1461-də tələbə sistemə daxil olub, lakin heç bir əməliyyat aparmayıb. 627 müraciətçi isə kredit hüququ olmayandır, yəni tələbə deyil. 3590 tələbə isə müraciətini yekunlaşdırıb. Bu tələbələrdən 1116 nəfəri sosial, 1783 nəfəri standart təhsil tələbə krediti alıb. 691 tələbənin müraciətindən imtina olunub.