Regional əlaqələrin genişləndirilməsi üçün nəqliyyat və logistika sektorlarının inkişafı mühüm əhəmiyyət daşıyır.
Hafta.az xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Gürcüstan-Özbəkistan Biznes Forumunda çıxışı zamanı söyləyib.
Nazirin sözlərinə görə, Gürcüstan hökuməti 2032-ci ilə qədər nəqliyyat və logistika sektoruna təxminən 7 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq və bu sahəyə investisiyaların davam etdirilməsi nəzərdə tutulur. Bu vəsait magistral yolların tikintisi və modernləşdirilməsinə, ölkənin strateji layihələrindən biri olan Anakliya dərin dəniz limanının inşasına, Gürcüstan Dəmir Yollarının yenilənməsinə, eləcə də paytaxtda yeni beynəlxalq hava limanının tikintisinə yönəldiləcək. Layihə çərçivəsində təxminən 45 yeni lokomotiv və 1500-ə yaxın vaqonun əlavə edilməsi planlaşdırılır. Yeni hava limanının isə 20 milyon sərnişin qəbuletmə gücünə malik olacağı bildirilir.
Mariam Kvrivişvili bildirib ki, bu layihələr xüsusilə Orta Dəhliz üzrə yük dövriyyəsinin artmasına mühüm töhfə verəcək. Onun sözlərinə görə, hazırda bu marşrutla həm konteyner, həm də toplu yüklərin daşınmasına maraq getdikcə artır.
Nazir əlavə edib ki, Özbəkistan, Qazaxıstan və Azərbaycanın inkişaf tempi region ölkələrinin infrastruktur baxımından daha hazır olmasını tələb edir. Bu məqsədlə əsas infrastruktur layihələrinə indidən investisiya qoyulmalıdır ki, biznes subyektləri daha böyük həcmdə yük daşıya, logistika imkanlarını genişləndirə və həm mövcud, həm də yeni infrastruktur hesabına daha yüksək ötürücülük qabiliyyətinə malik olsunlar.
Onun sözlərinə görə, bütün bu addımların məqsədi Orta Dəhlizi regionun və bütövlükdə Avrasiya məkanının ən rəqabətli və etibarlı nəqliyyat marşrutlarından birinə çevirməkdir.