DÇ-2026-da Pelenin rekordu təkrarlandı

15:37 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksika milli komandasının yarımmüdafiəçisi Xilberto Mora dünya çempionatları tarixində əfsanəvi braziliyalı Pelenin unikal nailiyyətini təkrarlayıb.

Hafta.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı "X" sosial şəbəkəsində məlumat yayıb.

Ekvadorla keçirilən və 2:0 hesablı qələbə ilə başa çatan 1/16 final matçında 17 yaşlı futbolçu start heyətində meydana çıxıb və 59 dəqiqə yaşıl meydanda mübarizə aparıb.

Bununla da Mora dünya çempionatının pley-off mərhələsinə əsas heyətdə başlayan 18 yaşa qədər ikinci oyunçu kimi tarixə düşüb. Bu sahədə ilk belə uğur 1958-ci il dünya çempionatının Uelsə qarşı dörddəbir finalında 17 yaş 239 günlüyündə start heyətində yer alan Peleyə məxsusdur. Meksikalı gənc braziliyalı əfsanədən cəmi 20 gün geri qalıb - Ekvadorla matç günü onun 17 yaşı və 259 günü tamam olub.

Ekvador üzərində qazanılan qələbə Meksika millisinə dünya çempionatının 1/8 finalına vəsiqəni təmin edib. Bu nəticə ilə meksikalılar 1986-cı ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə sevincini yaşayıblar.

Dünya çempionatının 1/8 finalında Meksika yığması İngiltərə və Konqo DR arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Turnirin 1/8 final oyunları iyulun 4-dən 7-dək keçiriləcək. Xatırladaq ki, builki dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ərazisində təşkil olunur. Nüfuzlu turnirə iyulun 19-da yekun vurulacaq.