ADPU-da magistratura üzrə 3 yeni ixtisaslaşma yaradılıb

19:09 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinin qəbul planına görə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni ixtisaslaşmalar yaradılıb.

ADPU-dan hafta.az-a bildirilib ki, elmi inkişafın və əmək bazarının müasir tələblərinə uyğun olaraq cari ildən etibarən universitetdə ilk dəfə “Azərbaycan dilinin xarici dil kimi tədrisi”, “Fəlsəfə tarixi” və “Əhalinin müxtəlif qrupları ilə sosial iş” ixtisaslaşmaları üzrə qəbul həyata keçiriləcək.

Qəbul planına əsasən, “Azərbaycan dilinin xarici dil kimi tədrisi” ixtisaslaşması üzrə 8, “Fəlsəfə tarixi” ixtisaslaşması üzrə 5, “Əhalinin müxtəlif qrupları ilə sosial iş” ixtisaslaşması üzrə isə 10 plan yeri ayrılıb.

2026–2027-ci tədris ili üzrə ADPU-nun magistratura səviyyəsinə ümumilikdə 637 plan yeri təsdiq edilib. Bu göstərici ötən tədris ili ilə müqayisədə 29 yer çoxdur. Ayrılmış plan yerlərinin 592-si Azərbaycan bölməsi, 45-i isə ingilis bölməsi üzrə nəzərdə tutulub.

Qeyd edək ki, ümumilikdə ADPU-da magistratura səviyyəsində 31 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.