Mossad-ın keçmiş direktoru Tamir Pardo bildirib ki, xələfi Yossi Koenin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş baş prokuroru Fatou Bensoudanı təhdid etməsi ilə bağlı iddiaları “çox kədərləndiricidir”.
Hafta.az-ın “Haaretz”ə istinadən yazdığına görə, Pardo, iddialardan şoka düşdüyünü ifadə edərək, "Belə bir şeyin olduğuna inanmıram. İsraildə bir baş nazirin belə bir əmr verə biləcəyinə inanmıram və Mossad direktorunun belə bir şeyi həyata keçirməyə necə razılaşdığını başa düşmürəm" deyib.
2011-2016-cı illərdə Mossad-ın rəhbəri olmuş Pardo, "Baş verənlər Siciliya mafiyası tərzində şantaj işi kimi görünür. Bu, ağlasığmaz vəziyyətdir. Mənə elə gəlir ki, İsraildən yox, başqa ölkədən danışırlar" deyib.
İsraildə kəşfiyyatla bağlı fəaliyyəti ilə tanınan jurnalist Yossi Melmanla danışan Pardo Tel-Əviv rəhbərliyinin həqiqətən də sərhədi aşdığını bildirib.
Melman kəşfiyyat orqanlarının məlumat toplamaq və düşməni sıradan çıxarmaq üçün qaranlıq hərəkətlərə və təhdidlərə əl ata biləcəyini xatırladanda, Mossad-ın keçmiş direktoru deyib: "Elə işlər var ki, kəşfiyyat orqanlarına qadağan olunur. Bu, onlardan biridir. Çünki burada söhbət məhkəmədən gedir. Bilmirəm, kimsə nədənsə qorxub. Mən hələ də ümid edirəm ki, bu, sadəcə, böhtandır. 36 il işlədiyim qurumun rəhbəri bir yana, bu təşkilatdakı kimsənin mediada açıqlanan hadisəyə qarışdığına inanmaq belə istəmirəm”.
Demokratik ölkələrdəki kəşfiyyat orqanlarının müəyyən qaydalara uyğun hərəkət etməli olduğuna diqqət çəkən Pardo, “Mənə öyrədilənlərəəsasən deyə bilərəm ki, xidmət etdiyim təşkilatda bu növ fəaliyyət qadağandır”.
Nə baş verib? “The Guardian”, Pardodan sonra Mossad-ın rəhbəri olan Koenin Tel-Əviv rəhbərliyinin Bensudaya qarşı həyata keçirdiyi təzyiq cəhdlərində birbaşa iştirak etdiyini bildirib. Mayın 28-də yayımlanan xəbərdə İsrail casuslarının 2016-2021-ci illərdə Mossad-ın direktoru olmuş Koenin göstərişi ilə Bensoudanın həyat yoldaşının bəzi telefon zənglərini və baş prokurorun ailəsini yaxından izlədiyi iddia edilmişdi.
Kimliklərinin paylaşılmasını istəməyən mənbələrə əsaslanan xəbərdə Koen və Bensoudanın ən az 3 dəfə üz-üzə görüşdüyü, Mossad-ın keçmiş direktorunun bu söhbətlərdə baş prokurora müxtəlif təhdidlər etdiyi iddia olunub.
Yüksək səviyyəli bir İsrail rəsmisi də Koenin təzyiq cəhdlərinin İsrailin baş naziri Binyamin Netanyahu tərəfindən təsdiqləndiyini bildirib.
“Haaretz”in 30 may tarixində dərc etdiyi xəbərdə qəzetin 2022-ci ildə Koenin təzyiq və təhdidlərini gündəmə gətirməyə çalışdığı, lakin Tel-Əviv rəhbərliyi tərəfindən əngəlləndiyi bildirilib.
Beynəlxalq Cinayət Məhkəməsi 2015-ci il yanvarın 16-da İsrailin Fələstindəki hərəkətlərinin müharibə cinayəti sayıla biləcəyini müəyyən etmək üçün ilkin araşdırmaya başlamaq qərarına gəlib. Bundan sonra Təl-Əviv hökuməti ilkin ekspertizanın rəsmi araşdırmaya çevrilməməsi üçün BCM-yə təzyiq göstərməyə başlayıb. Bununla belə, Bensouda 3 mart 2021-ci ildə rəsmi araşdırmaya başlanıldığını açıqlayıb. Bu kontekstdə Netanyahu da daxil olmaqla bir çox yüksək səviyyəli İsrail rəsmiləri və nazirləri üçün həbs orderlərinin verilməsinə yol açılıb.
Bu prosesdə Bensoudanın yerinə gələn ICC Baş Prokuroru Kərim Xan, 20 may 2024-cü ildə Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı həbs qərarı üçün müraciət edib.
Bundan başqa, Həmas-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə, təşkilatın Qəzzadakı lideri Yəhya Sinvar və silahlı qanadı İzzəddin Qəssam Briqadalarının lideri Məhəmməd əd-Dayf haqqında da ərizə verilib.
Şəxsiyyətinin paylaşılmasını istəməyən ICC sözçüsü, Xanın Bensoudanın Koenlə görüşlərini nəzərdən keçirib-görmədiyi barədə “The Guardian”a məlumat verməyib. Bununla belə, sözçü Xanın heç vaxt Mossad direktoru ilə görüşmədiyini iddia edib.
ICC sözçüsü iddia edib ki, Xan da həbsinə order verilməsi üçün müraciət etdikdən sonra İsrail tərəfindən "təzyiq və təhdidlərə məruz qalıb".