"ABŞ Livanda davamlı atəşkəs istəyir"

09:58 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Vaşinqton administrasiyası Livanda davamlı atəşkəsin təmin olunmasına çalışır və bu istiqamətdə vəziyyətin yaxşılaşdığını hesab edir".

Hafta.az xəbər verir ki, bununla bağlı ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.

“ABŞ dövlət katibi Marko Rubio və bütün komanda Livanda baş verənlərlə fəal şəkildə məşğuldur. Media başlıqlarına baxmayaraq, əslində vəziyyət yaxşılaşır və gərginlik bir qədər azalır”, – deyə o, ABŞ və İran arasında keçirilməsi gözlənilən danışıqlarda iştirak etmək üçün İsveçrəyə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.

Vens qeyd edib ki, həm İsrailin, həm də Livanın təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə iş davam etdirilməlidir.

"Məqsəd bütün regionda təhlükəsizliyin təmin olunmasıdır”, – deyə o vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, Livandakı vəziyyətlə bağlı əsas problem tərəflərdən birinin atəş açması, digər tərəfin isə buna cavab verməsidir.

“Atəşkəsin möhkəmlənməsi üçün tərəflərin kifayət qədər uzun müddət atəşi dayandırması lazımdır. Biz məhz buna nail olmağa çalışırıq”, – deyə Vens bildirib.