İki kəndin su problemi həll olundu

16:11 23.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Siyəzən rayonunun su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərində içməli su layihəsinin icrası yekunlaşdırılıb.

 

Hafta.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin həyata keçiridiyi layihə çərçivəsində kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılaraq istismara verilib.

 

Sədan və Eynibulaq kəndlərinə içməli suyun verilməsi münasibətilə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. O, qeyd edib ki, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

 

Siyəzən rayonundan olan millət vəkili Sadiq Qurbanov Vətən Müharibəsindən sonra belə layihələrin davam etriirlməsini ölkəmizin iqtisadi qüdrətinin göstəricisi kimi dəyərləndirib və içməli su layihəsinin yüksək keyfiyyətlə icra olunduğunu bildirib.

 

“Azərsu”yun sədr müavini Etibar Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanıldığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, həm dövlət investisiyaları, həm də daxili imkanlar hesabına su çatışmazlığı müşahidə olunan kəndlərdə layihələr icra olunur, belə layihələr 2022-ci ildə də davam etdirləcək.

 

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

Bu kəndlərdə içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

 

Hazırda Sədan və Eynibulaq kəndlərinə içməli su Şollar-Bakı su kəmərindən verilir. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə polad borularla ümumi uzunluğu 8 km olan magistral su xətləri çəkilib. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılır. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində nasos stansiyası və hər birinin həcmi 25 kubmetr olan 2 su anbarı tikilib.

 

Layihə çərçivəsində Sədan kəndində 11 km paylayıcı su şəbəkəsi yaradılıb 148 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Eynibulaq kəndində isə 10 km uzunluğunda paylayıcı su xətləri inşa edilib. Yeni şəbəkədən 170 ünvana ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

 

Layihənin icrası nəticəsində Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2 000-ə qədər sakininin içməli su problemi həll edilib.

Oxunma sayı 26