Moskvanın şimal-qərbində 290 nəfərin qeydiyyatda olduğu iki otaqlı mənzil aşkarlanıb.
Hafta.az xəbər verir ki, Rusiya mediasının Moskva prokurorluğuna istinadla məlumatına görə, əmlak qanunsuz olaraq mikro-sahələrə bölünüb.
İdarədən bildirilib ki, 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayına kimi 286 vətəndaş tərəfindən ianə müqaviləsi əsasında alınmış ümumi sahəsi 43,3 kvadratmetr olan iki otaqlı mənzildə 320 mikromənzil ayrılıb.
Nəticədə, ortaq mülkiyyətçilər yaşayış sahəsinə qeyri-məhdud sayda başqa şəxsləri qeydiyyata salmaq hüququ əldə ediblər. Beləliklə, 290 nəfər ikiotaqlı mənzildə "məskunlaşıb".
Qeyd olunur ki, prokurorluğun apardığı yoxlamanın materiallarına əsasən, dələduzluq faktı ilə bağlı cinayət işi açılıb. Prokurorluq məhkəmədən mikro-mənzillərin bağışlanma müqavilələrinin etibarsız hesab edilməsini və mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin mənzillərin altı kvadratmetrdən az olan paylara bölünməsini qadağan edən qanunu imzalayıb.