“Vətəndaşlar Dövlət İşgəncələrinə Qarşı (CAST)” adlı qrup Pakistanda saxlanılan keçmiş baş nazir İmran Xanın dövlət sirrini açıqladığına görə aldığı həbs cəzalarının siyasi qərarlar olduğunu əsas gətirərək, BMT-yə müraciət edib.
Hafta.az-ın yazdığına görə, hüquqşünaslar, hüquq müdafiəçiləri və həkimlərdən ibarət CAST-ın direktoru və İmran Xanın əmisi oğlu olan Dr. Osman Xan Londonda Pakistanda siyasi təzyiq iddiaları ilə bağlı mətbuat konfransı keçirib.
Osman Xan əmisi oğlu İmran Xanın dövlət sirlərini ifşa etdiyinə görə aldığı həbs cəzalarının siyasi qərarlar olduğunu və Xanın partiyasının cümə axşamı Pakistanda keçiriləcək ümumi seçkilərdə iştirakına mane olmaq istədiklərini iddia edib.
Xan BMT-nin Fikir və İfadə Azadlığının Təşviqi və Müdafiəsi üzrə Xüsusi Məruzəçisinə rəsmi ərizə təqdim edərək, ondan araşdırma başlatmasını tələb etdiklərini açıqlayıb.
BMT və beynəlxalq ictimaiyyətin İmran Xanın ədaləti üçün hərəkətə keçməli olduğunu bildirən Osman Xan, “Yalnız İmran Xanın həbsdən çıxması və qarşıdan gələn seçkilərdə iştirakı sabitliyi bərpa edə bilər” deyib.
Keçən il nəzarətə götürülməzdən əvvəl əmisi oğlu İmran Xanla sonuncu dəfə görüşdüyünü bildirən Osman Xan, "O, lider deyil, liderlər gəlib gedir. O, qəhrəmandır və qəhrəman olaraq da qalacaq" deyə bildirib.
Mətbuat konfransında iştirak edən beynəlxalq işlərlə məşğul vəkil Tayab Əli də çıxışında Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının minlərlə tərəfdarının həbs edildiyini xatırladıb.
“Biz Pakistandakı siyasi vəziyyətlə bağlı təcili təhqiqat aparılmasını tələb etmişik”, - deyə Təyab Əli bildirib.