“İmran Xanın Moskvaya səfəri 6 ay əvvəl razılaşdırılıb…” – Xalid Usman Qayser

14:30 06.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə Pakistan parlamentində müxalif fraksiyalar, o cümlədən hakim partiyanın bəzi deputatları Baş nazir İmran Xana etimadsızlıq göstərmək niyyətinə düşdü. İmran Xan isə dəstək üçün tərəfdarlarını küçəyə çağıraraq, baş verənləri dövlət çevrilişinə cəhd adlandırdı və qeyd elədi ki, bu işin arxasında mütləq ABŞ dayanır. Tərəflər arasında gərginliyin qızışmasının qarşısını almaq üçün prezident Arif Alvi parlamenti buraxdı və üç ay ərzində yeni seçkilərin keçirilməsinə qərar verdi.

Maraqlıdır, Azərbaycanla qardaş əlaqələrə malik Pakistanda nələr baş verir, doğrudanmı çevrilişə cəhd olunub, doğrudanmı ABŞ bu ölkənin iç işlərinə qarışır, doğrudanmı bu məsələdə İmran Xanın Moskva səfərinin təsiri var və sair? Hafta.az-ın suallarına cavab verən Pakistanın Azərbaycandakı keçmiş səfiri, məşhur diplomat Xalid Usman Qayser ölkəsindəki mövcud reallıqlardan söz açır:  

- Xeyr, Baş nazir İmran Xana qarşı çevriliş cəhdi olmayıb, lakin bütün müxalifət partiyaları əl-ələ verərək martın 27-də cənab Xanın Milli Assambleyada çoxluğu itirdiyini iddia edərək, ona qarşı etimadsızlıq təklifi irəli sürüblər. Aprelin 3-də bu təkliflə bağlı səsvermənin keçiriləcəyi gözlənilirdi. Lakin Milli Assambleyanın sədri, İmran Xana qarşı xaricdən maliyyələşdirilən sui-qəsd planının olması fikrini dəstəkləyərək, təklifi rədd etdi. Müxalifət partiyaları spikerin hərəkətinin konstitusiyaya zidd olduğunu bildirərək məsələyə baxılması üçün Ali Məhkəməyə müraciət ünvanladılar. Bu arada, prezident Arif Alvi Baş nazir İmran Xanın məsləhəti ilə Milli Məclisi buraxıb və yeni seçkilərin keçirilməsini istəyib. Hazırda işə Pakistanın Ali Məhkəməsində baxılır.

- ABŞ-ın İmran Xanı devirmək və müxalifəti hakimiyyətə gətirmək istədiyi iddia edilir. Bunun səbəbi nədir: İmran Xanın Moskva ilə yaxınlığı, yoxsa bilmədiyimiz başqa bir şey var?

- Əfqanıstandan çıxarıldıqdan sonra ABŞ-la Pakistan arasında münasibətlərdə soyuma baş verib. Prezident Co Baydenin rəhbərliyi altında ABŞ-ın indiki administrasiyası Talibana qarşı müharibəni uduzmalarının səbəbini Pakistanda görür. İmran Xan 11 sentyabr hadisəsindən sonra Əfqanıstanın işğalının düzgün olmaması və Pakistanın daha başqa ölkələrlə müharibədə deyil, yalnız sülh üçün tərəfdaş olacağına dair fikir səsləndirib. Üstəlik, Pakistan müstəqil xarici siyasətə malik olmalı və qlobal sistemdə heç bir blokun siyasətinin tərkib hissəsi olmamalıdır. O, fevralın 24-25-də Moskvada səfərdə olub və bu səfər Vaşinqton tərəfindən müsbət qarşılanmadı Təəssüf ki, İmran Xanın Moskvada olduğu gün Rusiya Ukraynaya hücum etdi. Baxmayaraq ki, bu səfər Xanın Moskvaya getməsindən təxminən 6 ay əvvəl razılaşdırılıb və planlaşdırılıb.

- Ümumiyyətlə, bəlkə İmran Xan Moskvaya getməməliydi? Çünki ABŞ 70 ildir Hindistana qarşı Pakistanı dəstəkləyir. Pakistanla Hindistan arasında iki dəfə müharibə baş verib və bildiyimiz qədər, hər ikisində Pakistan məğlub olub. Özü də bütün bu müharibələrdə Hindistan məhz Rusiya (SSRİ) tərəfindən silahlandırılıb və hərtərəfli dəstəklənib. Belə çıxır ki, İmran Xan acı keçmişi unutmaq istəyir?

- Xarici əlaqələrə baxın: nə daimi düşmən var, nə də daimi dost. Millətlər arasında münasibətlər onların milli maraqları əsasında həll edilir. Dünənədək Hindistan Sovet İttifaqı, Pakistan isə ABŞ-ın rəhbərlik etdiyi Qərb düşərgəsində idi. 21-ci əsrdə dünyanın müxtəlif regionlarında bir çox yeni münaqişə ocaqlarının yaranması, iqtisadiyyat, ətraf mühit, səhiyyə, elm və texnologiya və sair sahələrdə yeni problemlər toplusu ilə vəziyyət kəskin şəkildə dəyişib. Bir çox dövlətlər üçün strateji maraqlar da yenilənib. Beləliklə, biz bu gün dünya sistemində yeni uyğunlaşmalar görürük; İsrail və Birləşmiş Ərəb Əmirlikləri və QUAD (Avstraliya, Hindistan, Yaponiya, ABŞ) arasında ABŞ-ın sponsorluq etdiyi “İbrahim Müqaviləsi” bu nümunələrdən bəziləridir. Bilməlisiniz ki, ABŞ Hindistana deyil, Sovet İttifaqına qarşı Pakistanı dəstəklədi. Hindistanla həmişə yaxşı münasibətlər saxlayıblar və indi də Çinə qarşı strateji tərəfdaşdırlar. Pakistan və Hindistan kontekstində siz iki müharibədə Hindistanın Pakistanı məğlub etdiyini qeyd edirsiniz. Bu faktik olaraq yanlışdır. Çünki 1965-ci ildə Hindistan Pakistana hücum edərkən əsgərlərimiz cəsarətlə vuruşdular və bu şiddətli müharibədə Hindistan ordusuna Lahoru ələ keçirmək üçün qurduğu mənfur planında uğur qazanmağa imkan vermədilər. Bu müharibədə Pakistan açıq-aşkar qalib gəldi, çünki əsgərlərimiz ölkəni uğurla müdafiə etdilər. 1971-ci ildə isə Pakistan müharibəni döyüş meydanlarında yox, siyasi meydanda uduzdu. Şərqi pakistanlı (indiki banqladeşli) qardaşları öz səhvlərimizə görə özümüzlə saxlaya bilmədik. Bu müharibəni Hindistan qazandı və Şərqi Pakistan Banqladeşə çevrildi. Bu, o zamankı Pakistan rəhbərliyinin yol verdiyi kobud siyasi səhvlərin nəticəsi idi. Hindistan hiyləgərcəsinə siyasi zəifliklərimizdən istifadə etdi. Bu iki böyük müharibədən əlavə, mütəmadi olaraq Pakistan və Hindistan əsgərləri arasında, əsasən Kəşmirlə sərhəd bölgələrində müxtəlif atışmalar baş verib. Bəzən Hindistan əsgərləri üstün olur, bəzənsə Pakistan əsgərləri. 2019-cu il fevralın 27-də Hərbi Hava Qüvvələrimizin Hindistana məxsus iki təyyarəni vurması və hindistanlı pilotlardan Abhinandan Varthamanı əsir götürməsi hadisəni xatırlayırsınız. Baş nazir İmran Xan xoş niyyət jesti olaraq həmin pilotu Hindistana qaytarmışdı. Beləliklə, bu baş verir, lakin hər iki ölkə nüvə silahına malik olduğu üçün vəziyyət təhlükəlidir.

- Bu gün həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə sıx iqtisadi və siyasi əlaqələrə malikdir, buna baxmayaraq Qərb dünyasının mövqeyini dəstəkləməkdə davam edirlər. Məsələn, prezident Zelenski bu çətin zamanda Ukraynaya göstərdiyi humanitar dəstəyə görə, Azərbaycana altı dəfə təşəkkür edib. Amma buna baxmayaraq, biz Rusiya ilə əvvəlki münasibətlərimizi də saxlamışıq. Sizcə Pakistan ABŞ-ı ittiham etmək əvəzinə balanslaşdırılmış siyasət yürüdərsə, daha yaxşı olmazdımı? Axı Pakistan yarandığı gündən Qərblə sıx əlaqələrə malikdir və Putini dəstəkləməklə ABŞ-dan üz döndərməsi mümkün deyil...

- Pakistan bütün böyük dövlətlərlə münasibət qurarkən onların arasında balansı qorumağa çalışır. Pakistan da ukraynalılar üçün humanitar yüklər göndərib. Ukrayna prezidenti Zelenski Baş nazir İmran Xanla da telefonla danışıb və humanitar yardıma görə təşəkkür edib. Nəzərə alın ki, Ukrayna ilə, xüsusən də müdafiə sahəsində həmişə yaxşı münasibətlərimiz olub. Pakistan prezident Putini Ukraynaya qarşı müharibədə müdafiə etməyib. Ümumiyyətlə, Pakistan heç vaxt hansısa güclü bir ölkənin kiçik dövlətə hücumunu dəstəkləməyib. Bu reallıqdır, qalanı isə sadəcə təbliğat.

 - Cənab, parlamentdəki partiyalar, hətta hakim partiyanın bəzi üzvləri İmran Xana etimadsızlıq göstərmək istəyirdilər. Bu qanuni və tam demokratik qaydadır. Amma hökumət bunu çevriliş cəhdi adlandırdı. Bundan sonra prezident parlamenti buraxdı və yeni seçkilər təyin etdi. Əlbəttə, bu da qanuni qaydadır. Lakin Baş nazir məhz bunu məqbul hesab etdi. Sizə elə gəlmirmi ki, prezident Arif Alvi Tunisdə olduğu kimi, parlamenti buraxaraq Pakistanda dövlət çevrilişi etdi?

- Parlament sistemində Prezident formal rəhbərdir. Tunisdəki prezident sistemi Azərbaycandakı kimidir, Pakistanda isə fərqlidir. Parlament sistemində Prezident Baş nazirin tövsiyyəsi ilə hərəkətə keçir. Əvvəldə dediyim kimi, iş indi Pakistan Ali Məhkəməsindədir və orada məsələ ilə bağlı qanuni hökmlər veriləcək. O vaxta qədər biz nəyin qanuni, nəyin qeyri-qanuni olduğunu qəbul edə bilmərik və etməməliyik.

- Maraqlıdır, üç aydan sonra keçiriləcək seçkilərdə xalq İmran Xana “yox” desə, prezident Arif Alvi bu gün verdiyi qərardan peşman olub istefa verəcəkmi?

- Bizim sistemdə prezident formal başçıdır və beş il müddətinə seçilir. İmran Xan seçkiləri uduzsa belə, prezident konstitusiyaya uyğun olaraq beş illik səlahiyyət müddətini başa vuracaq. Bizim sistemdə Prezident dövlət başçısıdır və heç bir siyasi partiyanı təmsil etmir. O, müxalifət də daxil olmaqla, bütün Pakistan xalqını təmsil edir…