Pakistanda həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası - Pakistan Ədalət Hərəkatı (PTI) Milli Assambleya və əyalət məclislərində hökumət qurmaq üçün iki siyasi partiya ilə ittifaq quracaq.
Hafta.az-ın yazdığına görə, PTI-nin sözçüsü Rauf Həsən, paytaxt İslamabadda verdiyi açıqlamada, partiyanın dəstəklədiyi müstəqil millət vəkillərinin ölkədəki şiələrin siyasi qrupu olan Müsəlman Birliyi Parlament Partiyası (MVMP) ilə Milli Məclis və Pəncab Assambleyasında, Hayber Paxtunxva Assambleyasında isə Camaat-e-İslami Partiyası ilə ittifaq quracaqlarını söyləyib.
Həsən bildirib ki, bu qərar İmran Xanın göstərişlərinə uyğun olaraq qəbul edilib.
MVMP Milli Assambleyada 1, Camaat-e-İslami isə Hayber Paxtunxva Assambleyasında 3 yerə malikdir.
“Geo News” televiziyasında yer alan xəbərə görə, PTI sədri Gohar Xan onu müşayiət edən heyətlə Ravalpindidəki Adiala həbsxanasında saxlanılan İmran Xanla görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Gohar Xan, İmran Xanın koalisiya üçün PML-N, PPP və MQM-P ilə ittifaq istəmədiyini açıqlayıb.
Gohar Xan, İmran Xanın PTI-nin həm Milli Assambleyada, həm də Pəncab və Xayber-Paxtunxva əyalət məclislərində hökuməti formalaşdırmasını istədiyini və müttəfiqlik danışıqlarının PML-N, PPP və MQM-P xaricində siyasi partiyalarla aparılacağını bildirib. PTI-nin hələ baş nazir kreslosu üçün bir ad təyin etmədiyinə diqqət çəkən Gohar Xan, müxtəlif şəhərlərdəki məhkəmələrdə seçkinin nəticələrinə etiraz etdiklərini və Konstitusiya Məhkəməsinə də etiraz edəcəklərini qeyd edib.
PTİ seçkilərdən birinci partiya kimi çıxsa da, bir çox dairələrdə səslərin oğurlanaraq rəqib partiyaların namizədlərinə yazıldığı iddia olunur.
PML-N-dən olan keçmiş baş nazir Şahbaz Şərif, paytaxt İslamabadda verdiyi açıqlamada, “əgər PTI-nin dəstəklədiyi müstəqil deputatlar hökuməti qurmaq üçün çoxluğa sahib olarsa, PML-N müxalifət kreslolarında oturmağa hazırdır” deyib.
Şərif bildirib ki, müstəqil deputatların iştirakı ilə PML-N-nin Milli Məclisdəki yerlərinin sayı 80-ə çatıb və yaxın günlərdə bu rəqəm daha da artacaq.
Qardaşı, keçmiş baş nazir Nəvaz Şərifin dördüncü dəfə baş nazir olacağını vurğulayan Şahbaz Şərif partiyasının hər kəsi koalisiya hökuməti qurmağa dəvət edəcəyini bildirib.