Tailand Kral Sarayı, Kralın böyük qızı Şahzadə Bajrakitiyabha Mahidolun qəfil xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra 47 yaşında vəfat etdiyini açıqladı.
Hafta.az yazır ki, Kral Sarayı Bürosu tərəfindən bu gün yayımlanan açıqlamada, şahzadənin bağırsaq infeksiyasından əziyyət çəkdiyi, zamanla səhhətinin pisləşdiyi və dünən gecə dinc şəkildə öldüyü bildirildi.
Bəyanatda əlavə edildi ki, şahzadənin cəsədi son ziyarətlər üçün Banqkokdakı Böyük Sarayda katafalka qoyulacaq və dəfn mərasimi ən yüksək səviyyəli dövlət və saray protokolu ilə kral ənənələrinə uyğun olaraq keçiriləcək.
Şahzadə Bajrakitiyabha 2022-ci ilin dekabr ayında ordu itləri ilə təlim məşqi zamanı qəfil xəstələndikdən sonra xəstəxanaya yerləşdirilib.
Kral Sarayı 2025-ci ilin avqust ayında şahzadənin ağır qan infeksiyası keçirdiyini, ağciyərlərinin və böyrəklərinin funksiyasını qorumaq üçün həyat dəstəyinə qoşulduğunu açıqladı.
Mərhum şahzadə hazırkı Tailand kralı Maha Vajiralongkornun ilk həyat yoldaşı Soamsavalidən olan yeganə qızı idi.
Atasına son dərəcə yaxın olduğu bilinən Bajrakitiabha xəstəxanaya yerləşdirilməzdən bir il əvvəl kralın şəxsi mühafizəsində yüksək vəzifəyə təyin olunmuşdu.
73 yaşlı kral Maha Vajiralongkornun dörd evliliyindən yeddi övladı olsa da, o, hələ varis elan etməyib və Tailand varislik qaydaları kişi varislərə üstünlük verir.