Almaniyanın ictimai yayım şəbəkəsi ARD, 1960-cı illərdə ölkəyə gələn türk immiqrantları tərəfindən qurulan Köln Radiosunun aid olduğu COSMO proqramının bağlanmasını təsdiqləyib. 500-dən çox vətəndaş cəmiyyəti təşkilatı, akademik və sənətçi qərarın ləğvini tələb etmək üçün bir araya gəlib.
Hafta.az yazır ki, Qərbi Almaniya Yayım Korporasiyasının Radio Şurası tərəfindən qərarın təsdiqlənməsindən sonra COSMO-nun yayımının 1 aprel 2027-ci ildə dayandırılması qərara alınıb. Bağlanma qərarından sonra Yeni Alman Media İşçiləri Təşkilatının (NdM) baş meneceri Elena Kountidu tərəfindən ARD prezidenti Florian Hagerə və bütün dövlət yayım təşkilatlarının (BR, hr, MDR, NDR, Radio Bremen, rbb, SR, SWR, WDR) baş menecerlərinə məktub yazılıb və qərarı ləğvi tələb edilib.
Əhalinin dörddə birindən çoxunun miqrasiya keçmişinə malik olduğu Almaniyada məktubda COSMO-nun "niş proqram" deyil, immiqrant icmaları üçün "yayım evi" olduğu vurğulanaraq deyilir: "Sosial qütbləşmənin və millətçiliyin artdığı bir dövrdə ARD məhz demokratiyaya ən ciddi təsir göstərəcək bir nöqtədə fasilə verir. COSMO-nun yox olması müxtəlif perspektivlər və birgəyaşayış üçün məkanı daraldacaq".
Məktubda qeyd olunur ki, COSMO-nun ana dillərində yayımları, WDRforyou ilə birlikdə, ARD daxilində yeganə etibarlı ictimai resursdur. Xəbərdarlıq edilir ki, bu boşluq yaranarsa, immiqrant əhali xarici dövlətlər tərəfindən idarə olunan sosial media alqoritmlərinin və manipulyativ medianın mərhəmətinə buraxılacaq. Çoxdillilik Almaniya demokratiyası üçün həyati əhəmiyyətli "qoruyucu qalxan" kimi təsvir edilib.
İctimai yayımçılara “hər kəsə çatmaq” kimi qanuni öhdəliklərini xatırladan bəyanatda bağlanma qərarına qarşı başlayan “Kosmonu Xilas Et” petisiyasının artıq 100 mindən çox imza topladığı elan edilib.
500-dən çox vətəndaş cəmiyyəti təşkilatı, akademik və sənətçi adından verilən bəyanatda qərarın qəbuledilməz olduğu və prosesin şəffaf şəkildə izləniləcəyi, ARD-ə dialoq üçün 15 iyun tarixinə qədər vaxt veriləcəyi bildirilir.
Almaniyada ictimai yayım təşkilatları vergi ödəyicilərinin pulları ilə maliyyələşdirilir. Bu vergilərin hətta 1 faizi belə immiqrantlarla əlaqəli yayımlara ayrılmır.