Aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

12:57 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini və intensiv istehsal modelinə keçidin sürətləndirilməsini hədəfləyir.

Hafta.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Dövlət Proqramı aqrar sektorda rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının artırılması, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı kimi strateji məqsədləri özündə ehtiva edir:

“Proqram çərçivəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində ümumi daxili məhsulun orta illik artım tempinin minimum 2 faiz səviyyəsində saxlanılması nəzərdə tutulur. Əsas makroiqtisadi hədəflərdən biri aqrar və emal sənayesi məhsullarının orta illik ixracının 6 faiz artırılmasıdır. Dövlət Proqramının icrası dövründə aqrar sektora ümumilikdə 5,9 milyard manat həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır. Bu vəsaitin 2,2 milyard manatı dövlət, 3,7 milyard manatı isə özəl sektor tərəfindən təmin ediləcək. Nəzərdə tutulan tədbirlər aqrar sahədə məhsuldarlığın artırılmasına, əlavə dəyər yaradan emal müəssisələrinin inkişafına, ixrac imkanlarının genişlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək”.

Siyasət rubrikasından digər xəbərlər