İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla bağlı yekun razılaşmaya zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması və Tehranın raket proqramına məhdudiyyətlərin tətbiqi ilə bağlı müddəaların daxil ediləcəyinə dair verdiyi vədə görə təşəkkür edib.
Hafta.az xəbər verir ki, bu barədə Baş nazirin Ofisi iki lider arasında keçirilən telefon danışığından sonra məlumat yayıb.
Bəyanatda deyilir: “Prezident Tramp Baş nazir Netanyahu ilə İranla bağlı əldə olunan razılaşmaları və gələcək danışıqların əsas istiqamətlərini müzakirə edib. İsrail bu danışıqların tərəfi olmasa da, Baş nazir yekun razılaşmanın zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını, uranın zənginləşdirilməsi üzrə istehsal müəssisələrinin sökülməsini, raket istehsalına məhdudiyyətlərin qoyulmasını və İranın regiondakı terrorçu qruplaşmalara dəstəyinə son verilməsini nəzərdə tutacağına dair öhdəliyinə görə Prezident Trampa minnətdarlığını bildirib”.
Tramp daha əvvəl Netanyahu da daxil olmaqla bir sıra ölkə liderləri ilə İranla bağlı vəziyyəti və münaqişənin diplomatik yollarla həlli istiqamətində mümkün razılaşmaları müzakirə etdiyini bildirmişdi.