Naxçıvan iqtisadiyyatı böyüyüb

19:44 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 646,670 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata əsasən, ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə eal ifadədə eyni səfiyyədə qalıb.

Hesabat dövründə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,4 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2026- cı ilin may proqnozlarına əsasən, cari ildə real ifadədə ölkənin iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1.1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3.2% olacağı gözlənilir.

Eyni zamanda AMB 2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə real ifadədə müvafiq olaraq 3.2% və 4.7% olacağını proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2 faiz artacağını, 2027–2031-ci illərdə isə artımın hər il 2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,2%, 2027-ci ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır.

Ötən proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım templəri 0,3 faiz bəndi azaldılıb, 2027-ci il üçün isə eyni səviyyədə saxlanılıb.

Bankın qiymətləndirmələrinə görə, 2026-cı ilin I rübü üçün Azərbaycanın iqtisadi artım proqnozu -0,3%, II rüb üçün 2,5%, III rüb üçün 4%, IV rüb üçün 2,5% təşkil edir.

Bundan əlavə, 2027-ci ilin I rübündə 3%, II rübündə 3,5%, III rübündə 2% və IV rübündə 3,5% səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində bildirib ki, ümumi daxili məhsulun strukturuna nəzər saldıqda, ölkə iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır.

Nazir qeyd edib ki, son 20 ildə həyata keçirilən siyasət iqtisadiyyatın strukturunun müsbətə doğru dəyişməsinə imkan verib.

“20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 faizə çatmırdı, 43,5-43,6 faiz civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur. Baxmayaraq ki, qeyd etdiyim bu 20 illikdə, – yəqin xatırlayırsınız, – ölkədə kifayət qədər böyük və bizim müasir iqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb. Bütün bunlara baxmayaraq, ölkə iqtisadiyyatının strukturunun dəyişdirilməsi müəyyən mənada baş verib”, - deyə o bildirib.