"Şuşa Bəyannaməsinin tarixi nəticələri gələcəkdə daha aydın görünəcək"

10:26 12.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan və Türkiyə arasında Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsinin üzərindən beş il keçir. Bu müddət ərzində regionda və dünyada baş verən geosiyasi proseslər həmin sənədin nə qədər uzaqgörən, strateji və zamanın çağırışlarını qabaqlayan bir addım olduğunu bir daha təsdiqlədi”.

Bu fikirləri Hafta.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsinə qədər də Azərbaycan və Türkiyə arasında münasibətlər faktiki olaraq müttəfiqlik xarakteri daşıyır, qardaşlıq və qarşılıqlı etimad prinsipləri üzərində qurulurdu. Lakin Bəyannamə bu münasibətləri hüquqi müstəviyə daşımaqla yanaşı, əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu:

“Xüsusilə hərbi sənayenin inkişafı, müasir texnologiyalar, ballistik raket sistemləri, yüksək texnologiyalar və ortaq müdafiə potensialının formalaşdırılması baxımından Şuşa Bəyannaməsi mühüm strateji baza yaratdı. Bu gün Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan və Türkiyə orduları arasında formalaşan əməkdaşlıq artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın təhlükəsizlik sisteminə təsir göstərən mühüm amillərdən birinə çevrilib. Son illərdə dünyada və regionda baş verən geosiyasi proseslər fonunda Şuşa Bəyannaməsi faktiki olaraq Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji əməkdaşlığın təhlükəsizlik çətiri rolunu oynayır. Bu amil regiondakı bütün siyasi aktorları Azərbaycan və Türkiyə ilə hesablaşmağa vadar edir”.

Ekspert hesab edir ki, Suriyada hakimiyyət dəyişikliyi, Yaxın Şərqdə və Cənubi Qafqazda müşahidə olunan proseslər Şuşa Bəyannaməsinin əhəmiyyətini daha da artırıb. Onun fikrincə, Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sabitliyin qorunmasına xidmət edən mühüm təhlükəsizlik mexanizmlərindən birinə çevrilib.

V.Dadaşovun sözlərinə görə, son dövrlərdə İran ətrafında müşahidə olunan gərginliklər fonunda da Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti daha aydın görünür:

“Azərbaycan və Türkiyaya qarşı mümkün təhdid və ya təzyiq cəhdlərinin qarşısının alınmasında Şuşa Bəyannaməsi mühüm siyasi, hüquqi və təhlükəsizlik təminatı rolunu oynayır. Bu sənəd iki qardaş dövlətin milli maraqlarının qorunması baxımından ciddi əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi artıq yalnız Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi bazası deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasının mühüm elementlərindən biridir. Sənəd türk dünyasının inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi türk dövlətləri arasında fiziki bağlantıların güclənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və siyasi inteqrasiyanın dərinləşməsinə yeni imkanlar yarada bilər. Şuşa Bəyannaməsi gələcəkdə türk dünyasının təhlükəsizlik sisteminin formalaşması üçün də mühüm istinad nöqtəsinə çevrilə bilər. Bu baxımdan sənədin əhəmiyyəti hər keçən il daha da artır”.

Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqaz siyasəti, Ermənistanın Avrointeqrasiya istiqamətində atdığı addımlar və regionda dəyişən geosiyasi balans fonunda Azərbaycan və Türkiyənin yaratdığı strateji əməkdaşlıq modeli daha da aktuallaşır. Onun sözlərinə görə, Azərbaycanın regional siyasətdə artan çəkisi, beynəlxalq nüfuzu və təsir imkanları birbaşa olaraq Şuşa Bəyannaməsinin yaratdığı yeni geosiyasi mühitlə bağlıdır:

“Şuşa Bəyannaməsinin tarixi nəticələri gələcək illərdə daha aydın görünəcək. Bu gün artıq Azərbaycanın taleyi başqa güc mərkəzləri tərəfindən müəyyən edilmir. Əksinə, Azərbaycan regionda baş verən proseslərə təsir göstərən əsas siyasi aktorlardan birinə çevrilib. Azərbaycan artıq təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də regional güc mərkəzi kimi öz mövqeyini möhkəmləndirib. Gələcəkdə Azərbaycanın türk dünyasının əsas siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmək üçün bütün imkanları mövcuddur. Çünki Azərbaycan öz milli kimliyini, dövlətçilik ənənələrini, dilini və mədəniyyətini qoruyub saxlayan ən qədim türk dövlətlərindən biridir. Bu isə ölkəmizə türk dünyasında xüsusi mövqe qazandırır”.