"Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında imzalanmış sənəd olsa da, o, Zəfərdən doğan yeni regional düzənin, Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının gələcək inteqrasiya fəlsəfəsinin adıdır. 2021-ci il 15 iyunda məhz Şuşada – Azərbaycan Mədəniyyət paytaxtında imzalanması da təsadüf sayılmamalıdır. Bu, tarixə, coğrafiyaya və gələcəyə verilmiş çoxanlamlı, çoxqatlı ismarıc idi".
Bunu Hafta.az-a açıqlamasında siyasi şərhçi Əkbər Qoşalı bildirib. Qeyd edib ki, Bəyannamənin rəsmi mətnində xarici siyasət, müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat, media, diaspor, təhsil və mədəniyyət sahələri üzrə strateji işbirliyi təsbit olunub.
Ə.Qoşalı daha sonrs ötən beş ildə baş verən əsas dəyişikliyə diqqət çəkib:
"Azərbaycan–Türkiyə münasibətləri “qardaşlıq duyğusu” müstəvisindən “müttəfiqlik institutu” səviyyəsinə yüksəldi. Əlbəttə, “bir millət, iki dövlət” fəlsəfəsi öncədən vardı; Şuşa Bəyannaməsi isə həmin fəlsəfəyə, belə deyək, beynəlxalq-hüquqi, siyasi və təhlükəsizlik məzmunu verdi. Müdafiə sənayesi, hərbi təlimlər, ordulararası uyğunlaşma, regional diplomatiyada koordinasiya, enerji və daşıma dəhlizləri, media və diaspor işbirliyi yeni keyfiyyət mərhələsinə keçdi. Bu beş ildə Azərbaycan bütün əraziləri üzərində suverenliyini də tam bərpa etdi; separatizm və “boz zona” aradan qaldırıldı. Bu, Şuşa Bəyannaməsinin yaratdığı strateji arxitekturun mahiyyətini daha aydın göstərdi: bölgədə sülh istəyənlər üçün açıq qapı, revanşistlər üçün ciddi xəbərdarlıq vardır".
Ə.Qoşalı Bəyannamənin Güney Qafqazda yeni təhlükəsizlik mühitinə verdiyi töhfələri də yüksək dəyərləndirib. Onun sözıərinə görə, Şuşa Bəyannaməsi Güney Qafqazı güc boşluğundan çıxararaq, özlüyündə məsuliyyətli güc balansını ifadə edir:
"Azərbaycan tək deyil, Türkiyə tək deyil; bölgədə sülh, kommunikasiya, inkişaf istəyən hər kəs üçün yeni işbirliyi platformu mümkündür. Və Bu sənəd bölgəyə belə bir ismarıcı verdi.
Bəyannamənin əsas töhfəsi odur ki, o, hərbi-siyasi sabitliyi iqtisadi inteqrasiya ilə birləşdirir. Yəni təhlükəsizlik yalnız sərhəddə əsgər dayanması ilə ölçülmür; təhlükəsizlik həm də yolun açılması, dəmir yolunun işləməsi, enerjinin daşınması, yatırım qoyulması, insanların öz yurduna qayıtmasıdır. Qarabağ və Zəngəzurun gündoğarının bərpası, Naxçıvan bağlantısı, Orta Dəhlizin güclənməsi bu baxımdan yeni mərhələnin əsas sütunlarıdır".
Ə.Qoşalı vurğulayıb ki, bu gün Güney Qafqazda “münaqişə necə idarə olunsun” kimi sual yoxdur, əgər varsa belə, deməli, əsas sual deyil. Onun fikrincə, əsas sual: “Sülh necə qurulsun, yollar necə açılsın, region necə birgə qazansın” sualıdır. Ekspert hesab edir ki, Şuşa Bəyannaməsi məhz bu sualın Azərbaycan–Türkiyə cavabıdır:
"Şuşa Bəyannaməsinin gələcək gücü onun yalnız ikitərəfli sənəd olmamasındadır. O, Azərbaycanla Türkiyə arasındakı strateji xətti Türk Dövlətləri Təşkilatı məkanına daşıyır. – Bax, “Türk dünyası və iqtisadi layihələr baxımından perspektivlər necədir?” sualına cavab verərkən, ilk növbədə bunu vurğulamalıyıq. Şuşa artıq Azərbaycan şəhəri olmaqla yanaşı, Türk dünyasının siyasi-mənəvi görüş yeridir. – Bunu 2024-cü ildə Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul olunan Qarabağ Bəyannaməsi də göstərdi.
Bəli, gələcək üç istiqamətdə daha aydın görünür: - birincisi, təhlükəsizlik və müdafiə əməkdaşlığının dərinləşməsi; ikincisi, Orta Dəhliz, Zəngəzur istiqaməti, Bakı–Tiflis–Qars və Qars–İğdır–Naxçıvan xətti kimi layihələrlə Avrasiya bağlantısının güclənməsi; üçüncüsü, Türk dünyasında mədəni-humanitar, media, təhsil və diaspor birliyinin institusionallaşması.
Şuşa Bəyannaməsi Türk dünyasınən böyük şəxsiyyətləri – Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturunu XXI yüzilin geosiyasi dilinə çevirdi. Bu sənəd keçmişə sayğı, bu günə güvən, gələcəyə çağırışdır. Şuşa Bəyannaməsi ilə qardaşlıq duyğu olmaqdan çıxıb dövlət siyasətinə, dövlət siyasəti olmaqdan çıxıb regional nizam quruculuğuna çevrildi. Bu baxımdan onun beş ili kiçik bir yubiley sayılmamalıdır - bu beşillik ilk böyük mərhələnin tamamlandığını göstərir".