Milli Qurtuluşdan Zəfərə aparan yol: Heydər Əliyev siyasətinin təntənəsi

15:17 12.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İyunun 15-i Azərbaycan tarixinin dönüş nöqtələrindən biri olan Milli Qurtuluş Günüdür. Bu tarix yalnız hakimiyyət dəyişikliyi ilə deyil, dövlətçiliyimizin xilas edilməsi, ölkənin parçalanmaq təhlükəsindən qurtarılması və müasir Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini real təhlükələrdən qoruyaraq ölkəni sabitlik və inkişaf yoluna çıxardı.

Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri təkcə müstəqillik dövrü ilə məhdudlaşmır. Onun rəhbərliyi altında 1970-1980-ci illərdə Azərbaycan keçmiş SSRİ məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrilmişdi. Həmin dövrdə sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, təhsil və elm sahəsində aparılan islahatlar, minlərlə azərbaycanlı gəncin ittifaqın nüfuzlu ali məktəblərində təhsil alması gələcək dövlət quruculuğu üçün mühüm kadr bazası formalaşdırdı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Hafta.az-a açıqlamasında bildirib ki, Heydər Əliyevin sovet dövründə həyata keçirdiyi siyasət Azərbaycanın gələcək müstəqilliyinin sosial-iqtisadi və intellektual əsaslarını yaradıb:

“1970-ci illərdən başlayaraq Azərbaycanda həyata keçirilən siyasət milli özünüdərkin güclənməsinə, iqtisadi potensialın artmasına və peşəkar milli kadrların hazırlanmasına xidmət edirdi. Sonrakı mərhələdə məhz həmin potensial müstəqil dövlət quruculuğunun əsas dayaqlarından biri oldu.

1990-cı illərin əvvəllərində isə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Ermənistanın hərbi təcavüzü genişlənir, torpaqlar işğal olunur, ölkədə siyasi böhran dərinləşirdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsiz idarəçiliyi nəticəsində dövlət institutları iflic vəziyyətinə düşmüş, ölkədə anarxiya və xaos hökm sürməyə başlamışdı. Silahlı dəstələrin özbaşınalığı, iqtisadi tənəzzül, separatizm meyillərinin güclənməsi və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın dövlət kimi mövcudluğunu sual altına almışdı".

Siyasi şərhçi Aydın Quliyev deyir ki, 1992-1993-cü illərdə ölkədə yaranmış vəziyyət faktiki olaraq dövlətçiliyin süqutu təhlükəsini yaratmışdı:

“AXC-Müsavat hakimiyyətinin qeyri-peşəkar fəaliyyəti nəticəsində Azərbaycan idarəolunmaz vəziyyətə düşmüşdü. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində separatçı meyillər güclənmiş, mərkəzi hakimiyyət nüfuzunu itirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin xilası demək idi.

1993-cü ilin iyun hadisələri zamanı xalqın tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasının qarşısını aldı və dövlət institutlarını bərpa etməyə başladı. Sonrakı illərdə hüquqi dövlət quruculuğu, ordu quruculuğu, bazar iqtisadiyyatına keçid və beynəlxalq əməkdaşlıq istiqamətində mühüm addımlar atıldı".

Deputat Elman Nəsirovun sözlərinə görə, müasir Azərbaycanın bütün uğurlarının təməlində məhz həmin dövrdə qoyulan dövlətçilik konsepsiyası dayanır:

“Əsrin müqaviləsi, güclü dövlət institutlarının yaradılması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi Heydər Əliyevin strateji baxışının nəticəsi idi. Bu siyasət Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz həmin strateji xəttin davamı kimi qiymətləndirilir. Son 20 ildən artıq dövrdə Azərbaycanın iqtisadi qüdrətinin artması, güclü ordunun formalaşdırılması, beynəlxalq nüfuzunun yüksəlməsi ölkəyə tarixi hədəflərini reallaşdırmaq imkanı verdi".

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə və sonrakı mərhələdə Azərbaycanın suverenliyinin tam bərpası Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir:

“Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasını müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində dövlət suverenliyinin təmin olunması Azərbaycanın yeni tarixi reallıqlar yaratdığını göstərdi. Bu uğurların əsasında güclü dövlət, güclü iqtisadiyyat, milli birlik və siyasi varislik prinsipləri dayanır.

Milli Qurtuluş Günü münasibətilə keçmişə nəzər salarkən aydın görünür ki, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və böyük Zəfərə aparan yol məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursdan keçir. Bu gün müstəqil, suveren, qalib və güclü Azərbaycan Ulu Öndərin ideyalarının və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin təntənəsi kimi tarixdə öz yerini tutur".

Siyasət rubrikasından digər xəbərlər