İlham Bayramov aqrar sektorun gələcək inkişafından danışıb

15:10 12.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Su ehtiyatlarının səmərəli idarə olunması yalnız infrastrukturun qurulması və istismarı ilə də məhdudlaşmır. Bu sahədə dövlət nəzarəti, monitorinq və qanunvericiliyə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb. Xidmətin əsas fəaliyyət istiqaməti su ehtiyatlarının düzgün, səmərəli və qanunvericiliyə uyğun istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsidir.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mənbələrdən su ehtiyatlarının götürülməsi qaydalarına əməl olunması, müxtəlif xarakterli çirklənmələrdən qorunması və ekoloji tarazlığın saxlanılması, su limitlərinə dəqiqliklə əməl olunması, su itkilərinin qarşısının alınması da əsas prioritetlər sırasındadır:

“Hazırkı mərhələdə əsas hədəfimiz su resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. Ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı məhsuldarlığın artırılmasına da imkan yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlib. Çünki müasir çağırışlara əsasən, aqrar sektor və kənd təsərrüfatının gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir”.

İ.Bayramov qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə kənd təsərrüfatının inkişaf perspektivləri olduqca böyükdür:

“Hazırda icra olunan infrastruktur layihələri və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər regionda kənd təsərrüfatı istehsalının daha da genişlənməsinə mühüm imkanlar yaradacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi öz səlahiyyətləri çərçivəsində Dövlət Proqramının icrasına tam dəstək verməyə, fermerlərin və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirləri davam etdirməyə davam edəcək. Əminəm ki, bu müşavirə çərçivəsində müəyyən edilmiş hədəflər, həmçinin dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, fermerlərin və sahibkarların sıx əməkdaşlığı nəticəsində regionun aqrar potensialı daha dolğun şəkildə reallaşdırılacaq, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi sahəsində qarşıya qoyulan məqsədlərə nail olunacaq”.