Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsi - Rəy

15:38 12.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm strateji sənəd kimi qiymətləndirilir. Son beş ildə bu sənəd çərçivəsində hərbi, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əldə olunan nəticələr Şuşa Bəyannaməsinin yalnız iki dövlət arasında münasibətləri tənzimləyən hüquqi baza olmadığını, eyni zamanda Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən yol xəritəsi olduğunu göstərir.

Politoloq Natiq Miri Hafta.az-a açıqlamasında bildirib ki, Şuşa Bəyannaməsinin praktik nəticələri artıq təkcə Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, sənəd bütövlükdə Türk dünyasının inteqrasiyası üçün nümunəvi modelə çevrilməkdədir. Qeyd edib ki, Şuşa Bəyannaməsi konkret bir saziş və sənəddir.

Politoloq qeyd edib ki, bu sənəd Azərbaycan və Türkiyənin üzərinə düşən qarşılıqlı öhdəlikləri özündə ehtiva edir:

"Bu illər ərzində biz həmin sənədin praktik olaraq həyata keçirildiyini görürük. Bilirsiniz ki, son beş il ərzində iki qardaş ölkənin orduları arasında həm Türkiyədə, həm Azərbaycanda, həm də Türkiyənin iştirak etdiyi və bir çox NATO ölkələrinin də dəvət olunduğu genişmiqyaslı hərbi təlimlər keçirilib. Eyni hərbi təlimlər Azərbaycanda da birgə təşkil olunub. Bu əməkdaşlıq xüsusi təyinatlı qüvvələrin hazırlığından başlayaraq hava və dəniz qüvvələrinin iştirakı ilə keçirilən təlimlərədək geniş spektri əhatə edib. Eyni zamanda, bu illər ərzində hərbi sənaye kompleksinin inkişafı kontekstində də çox ciddi əməkdaşlıq ortaya qoyulub. Birgə silah istehsalından tutmuş ən müasir silah sistemlərinin qarşılıqlı şəkildə əldə olunmasına qədər geniş imkanlar yaradılıb ki, bu da hər iki ordunun, xüsusilə də Azərbaycan Ordusunun imkanlarını əhəmiyyətli dərəcədə artırıb və gücləndirib”.

Politoloqun fikrincə, bu əməkdaşlıq yalnız hərbi sahə ilə məhdudlaşmır. Şuşa Bəyannaməsinin yaratdığı strateji birlik Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına və regionda qüvvələr balansının dəyişməsinə də təsir göstərib:

“Bu birlik eyni zamanda Cənubi Qafqazda yeni bir status-kvonun formalaşmasına şərait yaradıb. İlk növbədə Azərbaycanın mövqelərini Cənubi Qafqazda güclü və həlledici geosiyasi amilə çevirərək ölkəmizi regionun sabitlik faktoruna çevirib. Bu, qardaş Türkiyəyə də aiddir. Türkiyənin Cənubi Qafqazdakı mövqeləri daha da güclənib və bu da regionda mövcud status-kvonun tamamilə dəyişdiyini göstərir. Bu, çox vacib amildir. Yəni, əvvəllər Cənubi Qafqazla bağlı məsələlər əsasən Rusiyanın mövqeyindən asılı idisə, Azərbaycan və Türkiyənin əməkdaşlığı bu yanaşmaya müəyyən mənada son qoydu. Bu isə regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına ciddi şəkildə yol açdı. Artıq Ermənistan da Cənubi Qafqazın tamhüquqlu üzvü kimi fəaliyyət göstərməyin vacibliyini anlayır və bunun özü üçün bəlkə də yeganə çıxış yolu olduğunu qəbul edir. Belə bir vəziyyətdə isə Cənubi Qafqazı Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan, Türkiyənin də iştirakı ilə regionda ciddi bir təhlükəsizlik çətirinin formalaşacağını düşünmək olar. Bu, çox ciddi geosiyasi dəyişiklikdir və yeni status-kvonun bərqərar olmasının mühüm göstəricisidir. Təbii ki, bu proses iki qardaş ölkənin mövqelərini daha da gücləndirir”.

N.Miri qeyd edib ki, Cənubi Qafqaz bu gün Asiya ilə Avropanı birləşdirən mühüm geosiyasi körpüdür. Bu körpünün əsas qovşağı və birləşdirici halqası isə Azərbaycandır. Politoloq hesab edir ki, qarşıdakı mərhələdə Şuşa Bəyannaməsinin təsir dairəsi daha da genişlənərək Türk dünyasının inteqrasiya proseslərinə təkan verəcək:

"Perspektivdə Zəngəzur dəhlizinin açılması bütövlükdə Türk dünyasının inteqrasiyasına və birləşməsinə yeni imkanlar yaradacaq. Buna görə də 2021-ci ildə Şuşa Bəyannaməsi ilə başlayan bu proses tədricən Azərbaycan və Türkiyə sərhədlərini aşaraq Orta Asiyada yerləşən türk dövlətlərini də əhatə etməyə başlayıb. Ona görə də artıq strateji tərəfdaşlıq Orta Asiya türk respublikaları ilə tədricən strateji müttəfiqliyə istiqamətlənir. Perspektivdə Orta Asiya türk respublikaları ilə istər Azərbaycan, istərsə də Türkiyə arasında yeni Şuşa Bəyannamələrinin imzalanmayacağını demək olmaz. Yəni bunun üçün yol açıqdır və Şuşa Bəyannaməsi burada əslində hər kəsə örnək ola biləcək çox ciddi hüquqi sənəddir. Çünki Şuşa Bəyannaməsinin verdiyi töhfələri Orta Asiyadakı türk respublikaları görür, anlayır və bütövlükdə Türk dünyasının təhlükəsizlik sisteminin bir hissəsi olmağa çalışırlar. Şuşa Bəyannaməsi Türk dünyası üçün nümunə ola biləcək çox ciddi hüquqi sənəddir. Bu, eyni zamanda bir strategiya və yol xəritəsidir. Çünki Şuşa Bəyannaməsi qarşılıqlı etimaddan tutmuş dostluq və qardaşlığa qədər bu prosesi əhatə edir və bir olmağın nə qədər vacib olduğunu ortaya qoyur. Çünki türklər bir olduqca böyük və güclü olurlar. Bir olmaq güc deməkdir, güclü olmaq isə azad olmaq deməkdir. Dünyanın yenidən şəkilləndiyi bir dövrdə Türk dünyasının, Turanın, dünyanın ən cəlbedici güc mərkəzlərindən birinə çevrilməsi üçün imkanlar yaranıb. Bunu Türk dünyasının hər bir üzvü anlamalıdır.

Yəni hər hansı qlobal gücün ətrafında yedək qüvvə olmaqdansa, Türk dünyasında hər kəsin birinci olmasına ehtiyac və zərurət var. Çünki burada böyük-kiçik anlayışı olmayacaq. Ən böyük güc Türk dünyasının özü olacaq və bu, bütün türk dövlətlərinə sirayət edəcək. Beləliklə, “böyük qardaş”, “qlobal güc” anlayışı da aradan qalxacaq. Təbii ki, Avrasiyanın mərkəzində formalaşacaq bu güc həm Avropada, həm də Asiyada mövcud olan bir çox problemlərin həllinə təsir göstərə biləcək mühüm güc mərkəzinə çevriləcək. Bütün bunlar isə, əlbəttə ki, Şuşa Bəyannaməsindən başlayır”-deyə N.Miri əlavə edib.

Politoloq bu baxımdan da hesab edir ki, Şuşa Bəyannaməsi həm ideoloji baxımdan, həm də strateji istiqamət kimi çox vacib sənəddir və artıq biz bunun nəticələri görünməkdədir:

"Çünki məhz Şuşa Bəyannaməsi və Azərbaycanın Qarabağ zəfərindən sonra Türk dünyasının birliyi istiqamətində proseslər daha da sürətlənməyə başladı. Hər bir türk respublikasında türk birliyinə ehtiyac olduğu anlayışı möhkəmləndi və insanlar buna inanmağa başladılar. Bu proses həm hərbi, həm ticarət, həm də iqtisadi inteqrasiyadan keçir. Buna görə də bu inteqrasiyanı daha da sürətləndirməyə və bütün sahələri əhatə edəcək şəkildə genişləndirməyə ehtiyac var. Nəhayət, düşünürəm ki, hərbi birlik istiqamətində də ciddi addımların atılmasına və bu yöndə mühüm qərarların qəbul edilməsinə ehtiyac var”.

Siyasət rubrikasından digər xəbərlər