"15 iyun Azərbaycan tarixində iki mühüm hadisə ilə yadda qalan əlamətdar gündür. Bir tərəfdən bu tarix xalqımızın Milli Qurtuluş Günü kimi dövlətçilik tariximizdə xüsusi yer tutur, digər tərəfdən isə son illərdə Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi hesab olunan Şuşa Bəyannaməsinin imzalanması ilə daha böyük siyasi məna kəsb edib".
Bunu Hafta.az-a açıqlamasında "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
Mərkəz rəhbəri vurğulayıb ki, Şuşa Bəyannaməsinin qəbulundan sonra Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsi üçün mühüm hüquqi baza yaradıldı. Əslində, iki qardaş ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin hüquqi müstəvidə təsbit edilməsinə ciddi ehtiyac var idi:
"Bu sənəd məhz Azərbaycan və Türkiyə liderlərinin siyasi iradəsi nəticəsində formalaşaraq dövlətlərarası münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Şuşa Bəyannaməsi yalnız siyasi əməkdaşlığı deyil, hərbi, iqtisadi, enerji, nəqliyyat, təhsil və humanitar sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Son beş ildə bu sənədin müddəalarının həyata keçirilməsi nəticəsində Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşıb. Birgə hərbi təlimlərin sayı artıb, müdafiə sahəsində koordinasiya güclənib, hərbi təhsil və kadr hazırlığı istiqamətində əməkdaşlıq daha da genişlənib".
R.Hüseynov qeyd edib ki, bu gün Şuşa Bəyannaməsinin əhəmiyyətini yalnız iki dövlət arasındakı münasibətlər kontekstində deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda qiymətləndirmək lazımdır:
"Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə regionda tamamilə yeni siyasi vəziyyət yaradıb. Həmin reallıqlar təkcə region ölkələrinin deyil, dünya dövlətlərinin də Azərbaycana baxışını dəyişib. Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş və regional təhlükəsizliyin əsas təminatçılarından biri olduğu bir daha təsdiqlənib.
Şuşa Bəyannaməsində yer alan ən mühüm müddəalardan biri də qarşılıqlı təhlükəsizlik məsələləri ilə bağlıdır. Sənəd tərəflərdən birinin təhlükə ilə üzləşəcəyi halda digər tərəfin ona dəstək verməsini nəzərdə tutur. Bu isə Azərbaycan-Türkiyə münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldən əsas amillərdəndir.
Türk dünyasının birliyi baxımından da Şuşa Bəyannaməsinin xüsusi əhəmiyyəti var. Son illərdə türk dövlətlərinin Qarabağa və Şuşaya səfərlərinin intensivləşməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi bu sənədin yaratdığı siyasi mühitin nəticələrindən biridir. Qarabağ artıq yalnız Azərbaycanın tarixi torpağı deyil, eyni zamanda türk dünyasının həmrəyliyinin və birliyinin rəmzinə çevrilib. 15 iyun tarixi isə Azərbaycan dövlətçiliyinin xilası və siyasi sabitliyin bərpası günü kimi xalqımızın yaddaşında yaşayır. 1993-cü ildə ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması və dövlətçiliyə yönəlmiş ciddi təhdidlər məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırıldı. Həmin dövrdə əsası qoyulan siyasi kurs Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi".
R.Hüseynov deyir ki, məhz 15 İyundan sonra ölkədə sabitlik təmin olundu, dövlət institutları gücləndirildi, xarici siyasətdə balanslı kurs formalaşdırıldı, iqtisadi inkişaf üçün zəmin yaradıldı. Onun sözlərinə görə, sonrakı illərdə “Əsrin müqaviləsi”nin imzalanması, xarici investisiyaların cəlb edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi həmin siyasi xəttin nəticəsi idi:
"Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də həmin strateji kursun uğurlu davamıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ölkəmizin gücünü və siyasi iradəsini bütün dünyaya nümayiş etdirir.
Hesab edirəm ki, Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi Azərbaycanın dövlətçilik tarixində bir-birini tamamlayan mühüm hadisələrdir. Birincisi müstəqil Azərbaycan dövlətinin xilası və inkişaf yolunun başlanğıcıdırsa, ikincisi Azərbaycanın regional və beynəlxalq müstəvidə güclənən mövqeyinin, Türkiyə ilə qardaşlıq münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin rəmzidir. Bu tarixi nailiyyətləri qorumaq, gələcək nəsillərə çatdırmaq və Azərbaycan dövlətçiliyinin daha da güclənməsi naminə çalışmaq hər bir vətəndaşın qarşısında duran mühüm vəzifədir".