İnkişaf dövrünü yaşayan muğam sənəti

11:01 29.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qədim tarixi köklərə malik Azərbaycan xalqı həm də zəngin və özünəməxsus mədəniyyətə malikdir. Xalqımız  bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığında qiymətli sərvətlər ortaya qoyub. Dünya musiqi xəzinəsinin incisi sayılan muğam bir çox xalqların, o cümlədən Azərbaycan xalqının milli-mədəni irsinin formalaşmasında və bugünkü  dövrə qədər  gəlib çatmasında mühüm rol oynayıb. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk  və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir.

Qeyd edək ki, “muğam” sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, amma sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanıb. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olub. Əsas muğamlar isə Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.

Azərbaycanda 7 əsas, 3  köməkçi  muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır.

Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəsgah (vokal-instrumental və ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental və solo-vokal növləri) və zərbi-muğamdır.

Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəsgahdır. Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər yürüdənlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və s. olublar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov isə XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır. Eyni zamanda, muğam ifaçılığının yayılmasında və onun pprofessional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclislərinin də böyük rolu olduğu bildirilir. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüs-səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-şüəra", Gəncədə "Divani-hikmət", Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar.

Təəssüf ki, sovet dövründə muğam musiqisinə münasibət heç də qənaətbəxş olmayıb. Hətta sovet rejiminin ilk illərində "Oxuma tar! Səni sevmir proletar!" kimi fikirlər də mövcud olub. Bu milli sərvətə müsbət mənada yeni münasibətin formalaşması isə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrünə təsadüf edir. Beə ki, keçən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi beynəlxalq musiqi festivallarında qərb Azərbaycan muğam sənətinin özünəməxsusluğunu görür. O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başlayır. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastik diskini daxil edir. 1975-ci ildə isə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılır.

Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.​ UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

2009-cu ildə Bakıda Beynəlxalq Muğam Festivalı da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilib. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilib. Bu Mərkəzin inşası, son illərdə respublika muğam müsabiqələrinin, həmcinin  dünyanın bir  cox  ölkəsindən gələn gənclərin  iştirak etdiyi Beynəlxalq Muğam Festivallarının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq Muğam Festivallarının  keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut edir.

Onu da qeyd edək ki, bu il iyunun18-dən 25-dək Heydər Əliyev Mərkəzində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında “Muğam aləmi” Musiqi Festivalı keçirilib. İyunun 25-də isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti təşkil olunub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutan festival zəngin proqramı ilə muğamsevərləri bir araya toplayıb. 8 gün ərzində Bakının fərqli məkanlarında, eləcə də mədəniyyət paytaxtımız Şuşada müxtəlif ölkələri təmsil edən gənc və peşəkar muğam ifaçılarının konsertləri olub, Beynəlxalq simpozium təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi də keçirilib.

Festival çərçivəsində təşkil olunan konsertlər, eləcə də muğam müsabiqəsi gənc istedadların üzə çıxarılmasına və tanınmasına xidmət edir, onların sənətkarlıq keyfiyyətlərinin daha da cilalanmasında yeni bir mərhələ rolunu oynayır.

Xatırladaq ki, müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.

Bu gün Azərbaycan muğamının dünya miqyasında geniş şəkildə təbliğ edildiyi qənaətində olan xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov da hesab edir ki, bu məsələdə Mehriban xanım Əliyevanın böyük xidmətləri var: “Bu gün Azərbaycan muğamının dünyada tanınmasında, muğamımızın inkişaf etməsində Mehriban xanım Əliyevanın çox böyük diqqət və qayğısı var. Məhz Mehriban xanımın diqqəti sayəsində bu gün muğamımız bütün dünyada maraqla qəbul olunur və sevilir. Demək olar ki, Heydər Əliyev Fondu yaranandan bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən muğam televiziya müsabiqələrinə start verilib.  Bunun nəticəsində  onlarla gənc muğam ifaçısı yetişib, artıq onlardan bir çoxunun fəxri adları var. Operada, ana televiziyamızda çalışır, ustadlarla bərabər Azərbaycan muğamını bütün dünyada təbliğ edirlər.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Muğam Festivalı keçirilir. Bundan başqa, “Qarabağ xanəndələri” Muğam toplusu çap olunub. UNESCO xətti ilə hazırlanmış bu alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir. Eyni zamanda Azərbaycan muğamının Avropada, Qərb ölkələrində təbliği ilə bağlı çox böyük işlər görülüb. Ali Baş Komandamızın rəhbərliyi ilə bizim müzəffər Ordumuz 44 gün ərzində Qarabağda bir tarix yazdılar. Qələbəmizdən 6 ay sonra Heydər Əliyev Fondu tərəfindən Şuşamızda möhtəşəm “Xarıbülbül” Fesrivalı keçirildi. Mən özüm də orada iştirak etmişdim. Elə bir möhtəşəm festival keçirildi ki, bütün dünya onu izlədi. Bununla da dünyaya bir mesaj verildi ki, torpağın sahbləri qayıdıb, artıq Şuşamızda, Qarabağımızda Azərbaycan muğamı səslənir”.