“Müdafiə sahəsinə vəsaitin ayrılmasının dayandırılması barədə ABŞ və Avropa İttifaqının qərarı təəssüf doğurur. Çünki münasibətlərin yenidən başladılması ilə bağlı gözləntilərimizə cavab vermir”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Kobaxidze bildirib ki, bu münasibətlər həqiqətən yenidən başladılmağa ehtiyac duyur, bunun üçün isə gürcü tərəfi hazırdır.
“Münasibətlərin yenidən başladılması ilə bağlı gözləntilərimizi doğrultmadığı dərəcədə təəssüf doğurur. Bir daha qeyd etməliyəm ki, son dörd ildə baş verən siyasi hadisələr fonunda bu münasibətlər həqiqətən yenidən başladılmağa ehtiyac duyur. Bunun üçün gürcü tərəfi, hakimiyyətimiz, dövlətimiz əvvəldən sona qədər hazırdır və cavab addımlarını gözləyirik. Təbii ki, bu cür qərarlar münasibətlərin yenidən başladılması nöqteyi-nəzərdən əks nəticə verir. Lakin ümid edirəm ki, gələcəkdə praqmatik, rasional, düzgün və ədalətli addımlar atılacaq və məhz bu cür addımlar ABŞ-la Gürcüstan arasında münasibətlərin yenidən başladılmasına kömək edəcək. Biz buna əvvəldən sona qədər hazırıq”, - deyə İrakli Kobaxidze açıqlayıb.