İranın xarici işlər nazirinin müavini Əli Rza Bigdeli verdiyi açıqlamada bəzi ölkələrin vətəndaşlarının İrana turizm səfərləri üçün birtərəfli vizadan azad edilməsi ilə bağlı göstərişin müvafiq qurumlara çatdırıldığını bildirib.
Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, Bigdeli viza azadlığının Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Hindistan, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirib.
İran rəsmisi bəyan edib ki, 28 ölkədən Hindistan vətəndaşları vizaya ehtiyac olmadan hava yolu ilə İrana daxil ola bilərlər, amma onlar quru sərhədlərindən keçmək üçün viza almalı olacaqlar.
Bigdeli, "Buna uyğun olaraq, turizm məqsədilə İrana səfər edən bu 28 ölkənin vətəndaşlarının 15 Bəhman 1402 (4 fevral 2024) tarixindən etibarən İrana səyahət etmək üçün vizaya ehtiyacı olmayacaq" deyib.