İlin əvvəlindən bəri hamı ABŞ Prezidenti Donald Trampın İrana mümkün hücumu barədə narahatlıqla danışır. ABŞ, hələlik, sadəcə hədələyir, eyni zamanda, Yaxın Şərqdə daha çox gəmi və təyyarələr cəmləyir. Elə isə Trampın əsl məqsədi nədir? Müharibəyə başlayıb İslam Respublikasını devirmək? Tehranı təzyiqlərlə maksimum əzib, istədiyi güzəştləri əldə etmək?
İranlı politoloq Maşallah Rəmzi ilə Hafta.az-a müsahibəsində elə bu suallar ətrafında söhbətləşdik.
– İndiyədək heç kim qəti surətdə deməyib və ya deyə bilmir ki, ABŞ İrana hücum edəcək, ya yox. Bu barədə Prezident Donald Tramp və Pentaqonun komandirlərindən başqa kimsə bilmir. Bu səbəbdən də hərbi hücumun olub-olmayacağını dəqiq söyləmək siyasi baxımdan düzgün deyildir. Faktlar var, İranla ABŞ bəzi sahələrdə anlaşa bilərlər. Amerikada insanlar, ümumiyyətlə, istəmirlər ki, durduğu yerdən, İraqda olduğu kimi, İranla müharibəyə girsinlər və sonra da oradan çıxa bilməsinlər.
Dünyanın bir çox ölkələri, Avropa, Asiya dövlətləri müharibə təhlükəsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Məsələn, Hindistanın İranda 10 min civarında vətəndaşı yaşayır. Hind hökuməti onları İrandan çıxarmağa çağırıb, bəyan edib ki, həyatları üçün təhlükə var. Eləcə də Yaponiya, Avstraliya və sair... Onlar da belə düşünürlər ki, İrana qarşı hücum olacaq. Buna da əsas verən amillər var: ABŞ çox sayda hərbi gəmilərini, təyyarələrini regiona yerləşdirib.
– Müşahidəçi gözü ilə baxsanız, müharibə başlayarsa, Amerika təyyarə və raketləri hansı istiqamətdən hücuma keçəcək? Yəni İran hücumu önləmək üçün hansı istiqamətlərdə daha yaxşı hazırlaşmalıdır?
– Qonşu dövlətlər öz ərazilərini İrana hücum üçün ABŞ-nin ixtiyarına verməyə hazır deyillər. Bilirlər ki, ərazilərindən hücum edilsə, İran da qarşılığında ballistik raketlərlə onları vuracaq və beləliklə, regionda müharibənin miqyası genişlənəcək. Ona görə də düşünürəm, Amerika mümkün halda ya Hind okeanında lövbər salmış təyyarədaşıyan gəmisindən, ya İsrail sularında dayanmış gəmisindən, ya da Diyeqo Qarsiya adasından təyyarə və ballistik raketlərlə hücum edə bilər.
– Bəs İranla fərqli münasibəti olan qonşu ölkələr necə? Bu vəziyyətdə İran hansı qonşusundan narahat və ya rahat olmalıdır? Yəni Amerika, konkret olaraq, bu qonşuların ərazisindən hücum edəcək, ya yox...
– Ola bilər, Amerika bəzi qonşu ölkələrin ərazilərində yerləşən hərbi bazalarından hücum zamanı istifadə etsin və buna imkanı da var. Hücumların daha çox dənizdən və havadan ediləcəyi bildirilsə da, quru əməliyyatları da istisna deyil. Ssenarilərdən biri budur ki, Suriyadan və İraqın şimalından keçməklə dəhliz açılsın və quru qoşunları bu yolla müharibəyə cəlb olunsun. Elə bu günlər İraqdakı İran tərəfdarı qüvvələrin – “Haşdi Şabi”nin rəhbərləri sözügedən planla bağlı məlumat yayıblar. Onlar bildiriblər ki, İsrail ordusu Suriyadan keçməklə İraqın şimalından – Kürdüstan ərazisindən İrana hücum edə bilər.
Onu da qeyd edim ki, İranın əsas müdafiə silahı ballistik raketlərdir. Əgər yerüstü hücumlar başlasa, İran onun qarşısını almağa qadir deyil.
– Xüsusilə son aylar İran rəsmilərininn və hərbi rəislərinin Pakistana ard-arda səfərləri olur. Səbəb nədir: hərbi-siyasi dəstək axtarırlar, yoxsa Bəlucistan probleminin közərməsindən narahatdır? Axı İranda Sistan-Bəlucistan əldə çıxsa, Pakistan Bəlucistanı İslamabadın əlindən çıxacaq...
– İranın Pakistanla bir çox sahədə sıx əlaqələri olduğu kimi, aralarında xeyli də problem mövcuddur. Amma deyə bilərəm ki, əlaqələri problemlərdən daha çoxdur. Məsələn, son 12 günlük müharibə zamanı Pakistan yeganə ölkə idi, ilk olaraq hücumu ən sərt şəkildə pislədi və İranın yanında olduğunu bəyan etdi. Hesab edirəm, İran rəsmilərinin Pakistana səfərləri silahla bağlıdır. Pakistan nüvə dövlətidir və Səudiyyə Ərəbistanı ilə imzaladığı strateji müqaviləyə əsasən, hər hansı hərbi müdaxilə olarsa, bir-birinin yanında olacaqlar. İran da həmin sazişin üzvü olmaq barədə istəyini bildirib. Yəni İran–Pakistan–Səudiyyə Ərəbistanı strateji birliyində olmaq istəyib. Amma indiyədək Pakistan bu istəyə müsbət cavab verməyib.
İki ölkə arasında ziddiyyətlər isə Bəlucistanla bağlıdır. Keçmişdə İran tərəfdən Pakistan ərazisinə bir raket atıldı və cavab olaraq, Pakistan da İran ərazisində yerləşən müxalif qrupların düşərgələrini raketlə vurub məhv etdi. Amma tezliklə İran səhvini etiraf edərək üzr istədi və qarşıdurma aradan qalxdı. Göründüyü kimi, bəlucların məsələsi hər iki tərəfə problem yaradır. İranda bəluclar silahlı mübarizə aparırlar, Pakistan ərazisində də müxalif bəluclar fəaliyyətdədir və onların İran ərazisində də bazaları mövcuddur. Əlbəttə, bu müstəvidə İranla Pakistan arasında danışıqlar aparılır, amma məsələ olduğu kimi qalır: nə problem aradan qaldırılır, nə də şiddətlənmə olur.
– Hücum baş verərsə, İsrailin də hücuma birbaşa qoşulması gözləniləndirmi? Və bu olarsa, Livandakı Hizbullah və ya İraqda mövcud olan şiə qrupları İranın müdafiəsinə qalxacaqlarmı? Mən bura Yəməndəki husiləri də əlavə edirəm...
– Qonşu ölkələrdəki iranpərəst qüvvələr, istər Hizbullah olsun, istər husilər və ya digərləri, məncə, onlar indi o qədər də əlverişli vəziyyətdə deyillər ki, hücum olacağı təqdirdə, İranın köməyinə gəlsinlər. Livanda və Suriyada Hizbullah qrupları var idi, amma Suriyada heç bir iş görə bilmədilər.
– Ümumiyyətlə, Vaşinqtonu müharibə kimi son variantı seçməyə nə vadar edir? Həqiqətənmi, İranda dünyaya təhlükə törədən çox ciddi nələrsə var və Amerika onu məhv etmək istəyir?
– Hesab edirəm, İran İslam Respublikası mövcud olduğu 47 il ərzində terrorizmi himayə edir, dünyada və bölgədə təhlükə yaradır, hətta öz xalqı ilə qarşıdurmadadır. Bu da Amerikaya böyük başağrısı yaradır. İslam İnqilabının ilk vaxtlarında Tehrandakı ABŞ səfirliyinə hücum edərək amerikalı diplomatları girov götürdülər və onları 444 gün əsarətdə saxladılar ki, Amerika bunu yaddan çıxarmayıb. Ona görə də çalışırlar ki, İslam Respublikasının şərinə son qoysunlar. Bu gün həm Amerika, həm də region və bütün dünya istəyir ki, İslam Respublikası olmasın. Amerikalılar görür ki, hazırda İran hər baxımdan çox zəifdir, ona görə də fürsətdən yararlanaraq məqsədlərinə nail olmağa çalışır.
– Amerika müharibəyə başlasa belə, necə düşünürsünüz, İranda İslam Respublikası devriləcəkmi? İranda dövlətin siyasi quruluşu dəyişəcəkmi? Məncə, Qərb bunu etməyə heç vaxt səy göstərməyib...
– Müharibə başlayacağı təqdirdə, Amerika, sadəcə, hava hücumları ilə kifayətlənsə, İrana qalib gəlməsi mümkün deyil. İran böyük dövlətdir, 1 milyon 648 min kvadratkilometr ərazisi var. İranın bu geniş ərazisində dağlıq bölgələri, səhraları, meşələri var. İran nə Venesuela, nə də İraq deyil ki, onu xarici hücumla asanlıqla ram etsinlər. Əlbəttə, İkinci Dünya müharibəsi zamanı ruslar Şimaldan, ingilislər də Cənubdan ölkəyə daxil olaraq şahı devirdilər və yerinə oğlunu qoydular. Bu gün belə bir şərait yoxdur, hökumət də ovaxtkı deyil. İndi İranda hökumətdən əlavə, SEPAH kimi qüvvələr də var. Məsələn, İsfahan və ya Şiraz düşmən qarşısında süqut edərsə, bu, o demək deyil ki, İran məğlub olacaq.
– Tramp İranda son məlum daxili etiraz aksiyalarını sitat gətirir, İranı bürüyən sosial-iqtisadi böhranın olduğunu deyir, bunlar aydındır. Amma az qala, 50 ildir bu ölkəyə tətbiq edilən sanksiyalar var, bu halda iqtisadi-sosial problemlərin də olması təbiidir. Tramp bunu başa düşmürmü, niyə sanksiyaları yüngülləşdirib dolayısı bu ölkədə iqtisadi vəziyyətə müsbət töhfə vermir?
– İqtisadi sanksiyalar İslam İnqilabının ilk illərində amerikalı diplomatların girov götürülməsinə cavab olaraq təyin edildi və sonradan daha da genişləndirildi. 2003-cü ildən sonra isə İranın nüvə silahı yaratma planları ifşa edildi və bu müstəvidə əlavə bir sıra sanksiyalar da gətirildi. Bundan əlavə, regionda yaratdığı Hizbullah, Həmas, nə bilim, husi qruplaşmaları və s. görə də əlavə sanksiyalar tərtib edildi. Sonuncu sanksiyalar həm başqa ölkələrdə, həm də öz xalqı arasında insan haqlarını pozduğuna görə əlavə olunub. Özü də bütün sanksiyaları ABŞ tətbiq etməyib, bəziləri BMT-nin, Avropa İttifaqının qərarı ilə qoyulub. Nəticədə, İran iqtisadi fəlakət içindədir. İran İslam quruluşundan qurtulsa belə, iqtisadi fəlakətdən xilas olması yaxın vədədə mümkün görünmür.
– Son olaraq, əgər ABŞ–İsrail cütlüyü müharibəyə başlasa, İrandakı müxaliflər dövlətin müdafiəsi naminə hakimiyyətlə bir olacaq, yoxsa əksinə... Lütfən fikirlərinizi deyin...
– Bilirsiniz, əgər hökumət xarici hücum zamanı xalqına dayaq olsaydı, onda deyə bilərdik ki, müxalif düşərgə müharibə şəraitində hökumətlə birləşəcək. Elə 40 gün öncə məhz bu hökumət öz xalqını dinc aksiya keçirdiyi üçün küçələrdə gülləboran etdi, neçə min adamı öldürdü. Tehranda və digər şəhərlərdə yaşanan bu hadisələr hakimiyyəti xalqdan təcrid edib. Heç bir müxalif qüvvə hökuməti müdafiə etməyə həvəsli görünmür. Hətta əksinə, çoxları gözləyir ki, xaricdən müdaxilə olsun, xalq İslam Respublikası idarəçiliyindən qurtulsun.