İranda 2023-cü ildə 800 nəfər edam edilib

10:58 17.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Paley İranın 2023-cü ildə təxminən 800 vətəndaşını edam etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Paley, "X" platformasındakı paylaşımında "İran hökumətinin qəddarlığının 2023-cü ildə təxminən 800 vətəndaşın edam edilməsi ilə yeni səviyyəyə çatdığını" deyərək, "edamların əksəriyyətinin ədalətsiz məhkəmələr və özbaşınalıqdan sonra həyata keçirildiyini" bildirib.

O qeyd edib ki, ölüm hökmləri adekvat hüquqi məsləhətdən məhrum olan müttəhimlərə qarşı saxta məhkəmələrdən sonra çıxarılır.

Paley vurğulayıb ki, Birləşmiş Ştatlar İranın insan haqları müdafiəçilərini hədəfə almaq üçün ölüm hökmündən istifadə etməsini qətiyyətlə pisləyir.

Abram Paleyin sözlərinə görə, “edamlar İranlılar siyasi və təhlükəsizliklə bağlı ittihamlarla üzləşən 6 nəfərin edamını dayandırmaq üçün kampaniyaya başladığı bir vaxtda baş verib, onlardan 4-ü kürd millətçiliyinə görə siyasi məhbus, ikisi isə ötənilki etirazlar zamanı həbs edilib”.

Xaricdəki farsdilli media 6 məhbusun ailələrinin ölüm hökmləri təsdiqləndikdən sonra Evin həbsxanası qarşısında etiraz aksiyası keçirdiklərini yazıb.

Qərargahı Osloda yerləşən İran İnsan Haqları Təşkilatı bu altı nəfərin edamını dayandırmaq üçün beynəlxalq təşkilatları müdaxiləyə çağırıb. “Edam cəzasına məhkum edilmiş bir çox digər məhbuslar kimi, onlar da ən sadə ədalətli məhkəmə standartlarından faydalanmayıblar və cəzaları hətta İslam Respublikasının qanunlarına görə də qeyri-qanunidir”, - deyə təşkilatın direktoru Mahmud Əmiri Muqaddəm bildirib.

Paley ötən həftə 4 siyasi məhbusa verilən ölüm hökmünü pisləyib və deyib: "İran rejimi siyasi rəqiblərini və dinc nümayişlər təşkil edənləri yalan ittihamlarla, zorla etiraflarla və ədalətsiz məhkəmələrlə susdurmağa davam edir".

Amerikalı məmurun bu açıqlaması Osloda yerləşən İran İnsan Haqları Təşkilatının bir il ərzində sənədləşdirilmiş edam hallarının sayı ilə bağlı hesabatın yayımlanmasından əvvəl edilib. Edam işlərinə nəzarət edən bu təşkilat ötən il dəfələrlə xəbərdarlıq etmişdi ki, edamların rekord həddə çatacağından narahatdır.

Təşkilat 2010-cu ildən bəri hakimiyyət orqanlarının 7858 nəfəri, o cümlədən 70 azyaşlı və 209 qadını edam etdiyini açıqlayıb.

Bunun əksinə olaraq, İran İnsan Haqları Fəalları Agentliyi (Hrana) bəyan edib ki, 2023-cü ildə İranda ən azı 746 nəfər edam edilib ki, bu da 2022-ci illə müqayisədə 32 faiz artım deməkdir.